Nalbandyanın Avstriyaya səfəri başlayır
18 Avqust 2011 Cümə Axşamı 00:40
Zaltsburqda “Şərq tərəfdaşlığı” çərçivəsində forum keçiriləcək
Ermənistanın xarici işlər naziri avqustun 18-19-da Avstriyada səfərdə olacaq. Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, o, Zaltsburq şəhərində “Dünya iqtisadiyyatının və ümumdünya idarəetməsinin yeni əsasları” forumunda iştirak edəcək. Məlumatda deyilir ki, bu il foruma Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici siyasət idarələrinin rəhbərləri dəvət ediliblər.
Edvard Nalbandyanın səfəri Avstriyanın baş nazirinin müavini, xarici işlər naziri Mixael Şpindeleggerin dəvəti ilə baş tutacaq.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa Birliyinin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə yaxınlaşması üçün nəzərdə tutulub. Proqram əsasında bu ölkələrə dövlət institutlarının möhkəmləndirilməsi, sərhəd nəzarəti və kiçik şirkətlərə yardım məqsədilə 2013-cü ilədək 600 milyon avro ayrılmalıdır.
Proqram Avropa Birliyinə üzvlüyü nəzərdə tutmasa da, qurumla siyasi və iqtisadi yaxınlaşma, viza rejiminin yüngülləşdirilməsi və energetika sahəsində əməkdaşlıq mümkündür.
DOSTLARINLA PAYLAŞ: