Müxalifət liderinə 15 sutka həbs verildi
20 Fevral 2015 Cümə 04:24
Müxalifət lideri ictimai asayişi pozmaqda, icazəsiz aksiya təşkilində təqsirli bilinib.
Moskva Şəhər Məhkəməsi Rusiya müxalifətinin liderlərindən biri olan Aleksey Navalnı barədə hökm çıxarıb.

ANS PRESS-in məlumatına görə, Moskva məhkəməsi müxalifət lideri Aleksey Navalnını 15 sutkalığına azadlıqdan məhrum edib.

Məhkəmə onu ictimai asayişi pozmaqda, icazəsiz aksiya təşkilində təqsirli bilib. Onun metroda hökuməti tənqid edən vərəqələr payladığı bildirilir.

Qeyd edək ki, A. Navalnı "İv Roşe" (Yves Rocher) şirkəti ilə bağlı cinayət işi üzrə 3,5 il müddətinə şərti azadlıqdan məhrum edilib. Onun qardaşı Oleq Navalnı isə 3,5 il müddətinə azadlıqdan məhrum edilib və 500 min rubl məbləğində cərimələnib. O, məhkəmə zalında həbs edilib. Dövlət ittihamçısı Aleksey Navalnının "Kirovles" üzrə hökm də nəzərə alınmaqla 10 il müddətinə azadlıqdan məhrum edilməsini, Oleq Navalnının isə 8 il müddətinə həbsə məhkum edilməsini istəmişdi.

Navalnı qardaşları əvvəlcədən əlbir olub öz xidməti vəziyyətlərindən istifadə edərək dələduzluqda və mənimsədikləri vəsaiti leqallaşdırmaqda ittiham edilirdilər. İstintaqın versiyasına əsasən Navalnı qardaşları 2008-2013-cü illər ərzində dələduzluq yolu ilə "Yves Rocher" şirkətinin 26,7 milyon rubldan çox, "Mnoqoprofilnaya prosessinqovaya kompaniya"nın isə 4,4 milyon rubldan çox vəsaitini oğurlayıblar. Qardaşlardan 4,4 milyon rubldan çox vəsait müsadirə olunub. Aleksey Navalnı bu ittihamları saxta adlandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar