Gürcüstandakı proseslərlə bağlı KİV-də yer alan məlumatları təhlil etdikdən sonra belə bir qənaətə gəlmək olar ki, bu ölkədə əhalinin 99 faizi Saakaşviliyə nifrət edir və müxalifətin hakimiyyətə gələcəyi günü gözləyir. Eyni zamanda Gürcüstanla bağlı xəbərləri oxuyanda orada hər şeyin bərbad olduğunu düşünmək olar. Ancaq reallıqda vəziyyət heç də elə deyil.
Tiflisdə olduğumuz zaman mətbuatda yer alan xəbərlərin çox şişirdildiyini anladıq. Şəhər öz ritmi ilə yaşayırdı, sanki yazda burada hər gün mitinq və etiraz aksiyaları keçirilmirdi.
Yerli əhali ilə söhbətlər də göstərdi ki, kənardan verilən qiymət heç də həmişə doğru olmur. İctimai-siyasi proseslərdən kifayət qədər bilgisi olanlar əhalinin yarısından çoxunun prezident Saakaşviliyə qarşı olmadığını bildirirdilər. Çünki onlar hazırda onu əvəzləyə biləcək şəxsin olmadığını düşünürlər. Doğrudur, bu o demək deyil ki, Saakaşviliyə qarşı olmayanlar ondan tam razıdır. Prezidentin yürütdüyü siyasətdən narazı qalanlar yetərincədir. Ancaq onlar qətiyyən Şevardnadze dövründəki xaosa və özbaşnalığa qayıtmaq istəmirlər.
Həmsöhbətlərimizin biri isə 2013-cü ildə Gürcüstanın növbəti prezidentinin İrakli Alasaniya olacağını söylədi. Bu əminliyin haradan qaynaqlandığı bilinməsə də, bizimlə fikirlərini bölüşən adamın ölkədə baş verənlərdən yaxşı xəbərdar olduğunu görmək olardı, eyni zamanda onun prosesləri analiz etmək qabiliyyətinə şübhə etmək çox çətin idi.
Təbii ki, söhbət zamanı Gürcüstan vətəndaşlarının müxalifət liderlərinə münasibətini də öyrənməyə çalışdıq. Gəldiyimiz qənaət bir qədər çaşdırıcı olsa da, bəlli oldu ki, prezidentliyə namizədlər heç də saf və demokratik prinsipləri hər şeydən üstün tutan ziyalılar deyil. Bizim üçün maraq doğuran o oldu ki, həmsöhbətlərimiz nəyə görə kriminal aləmin Nino Burcanadzenin hakimiyyətə gələcəyi günü səbirsizliklə gözlədiyini deyirlər??
Həmsöhbətlərimizdən birinin dilindən eşitdik ki, hazırda məhbəsdə olan kriminal aləmin nümayəndəsi yaxın çevrəsi ilə söhbət əsnasında bu fikri səsləndirib: “Burcanadze hakimiyyətə gələn günün səhərisi azadlıqda olacağam!”.
Eyni ilə Levan Qaçeçiladze haqda da fikirlər səslənir. Konkret olaraq o və onun müğənni qardaşının kriminal aləmlə sıx əlaqədə olduğunu bildirilir.
Gürcülərin yeganə etibar etdiyi və təmiz hesab etdiyi siyasətçi “Milli forum”un liderlərindən biri olan Qubaz Sanikidzedir. Lakin bu adamın qatı millətçi olduğu söylənilir. O hesab edir ki, Gürcüstanda hər şey ilk növbədə gürcülər üçün olmalıdır. Milli azlıqlar isə gürcülərdən sonra…
Maraq doğuran digər məqamlardan biri gürcülərin ermənilərə olan münasibətidir. Açığı eşitdiklərimiz düşündüklərimizdən də betər oldu. Məlum oldu ki, gürcülər özləri üçün ən böyük təhlükəni məhz ermənilərdə görürlər! Bir qədər qəribə gəlir... Əslində Rusiyanın Gürcüstanın başına gətirdiklərini yada salsaq, gürcülərin daha çox məhz ruslardan ehtiyat etməsini gözləmək olardı. Doğrudur, gürcülər Rusiyadan gələn təhlükəni yaxşı anlayırlar. Ancaq bu təhlükə böyük qonşu dövlətdən, imperialist-şovinist ruhlu və beynəlxalq hüququ saymayan ölkədən gəlir. Ermənilərdən isə “Böyük Ermənistan” ideyası ilə yaşayan millətdən olan təhlükə gəlir.
Azərbaycana gəlincə, gürcülərin ölkəmizə münasibəti yetərincə normaldır. Çətin günlərdə Azərbaycanın Gürcüstanın yanında olduğunu unutmayan gürcülər bütün edilənlərdən razıdırlar. Doğrudur, onların arasında başqa cür düşünənlər də var. Ancaq burada “Meşə çaqqalsız olmaz” misalı yada düşür...
ANSPRESS