Müxalif lidere qarşı sui-qesd
26 İyul 2013 Cümə 09:15
Mehemmed Brahminin qetli ölkede iğtişaşlar ve etiraz aksiyalarına sebeb olub.
Ötən gün Tunisdə naməlum silahlıların solçu müxalifət liderinə qarşı sui-qəsdi, ölkədə gərginliyə yol açıb. Ərəb millətçi partiyasından olan 58 yaşlı Məhəmməd Brahmi, evinin qarşısında maşında olarkən silahlılar ona bir neçə dəfə atəş açaraq, siyasətçini qətlə yetirib. Mərhumun qonşusu silahlıların cinayəti törətdikdən sonra aradan çıxdıqlarını bildirib.
Yerli media, Brahminin bədənində azı 11 güllə yarasının aşkarlandığını qeyd edir. Bu ölkədə il ərzində müxalifətçinin qətli ilə bağlı ikinci belə insidentdir. Bundan əvvəl Tunisdə solçu Xalq Cəbhəsi Koalisiyiasının üzvü oxşar şəkildə maşınında olarkən güllələnmişdi.Hazırda Tunisdə mötədil islamçı Ennahda Partiyası hakimiyyətdədir, Adı çəkilən partiya 2011-ci ilin oktyabr seçkilərində üstün olub və iki dünyəvi partiya ilə koalisiyaya girərək hakimiyyətə gəlib. Hakim Ennahda partiyası islamçı ekstrimizmə qarşı mübarizəyə etinasız yanaşdığına görə müxalif partiyaların tənqid hədəfinə çevrilib. Belaidin təmsil etdiyi partiyanın bir çox üzvləri isə daha da önə gedərək, siyasi sifarişli qətlərə görə bir başa höküməti cavabdeh tutub.
Məhəmməd Brahminin ölümü xəbərləri yayıldıqdan sonra, Daxili işlər Nazirliyi qarşısına izdiham toplaşmağa başlayıb. İnsidentdən qıcıqlanmış sakinlər hökümətin istefasını tələb edib. Aksiyalar eyni zamanda ölkənin bir çox şəhərlərində, o cümlədən mərhum müxalifət liderinin doğma şəhəri və 2011-ci il inqilabının beşiyi olmuş Sidi Buzid şəhərində yer alıb. Yaxınlıqda yerləşən Meknasi qəsəbəsində qəzəblənmiş izdiham Ennahda partiyasının yerli qərargahını yandırıb. Narazı kütlə həmçinin Brahminin meyitinin müayinə üçün aparıldığı xəstəxana qarşısına toplanıb.Qeyd edək ki, müxalifət liderinin suiqəsdi Tunisin Fransadan müstəqilliyinin 56-cı ildönümünə təsadüf edib.
DOSTLARINLA PAYLAŞ: