İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkə müxalifətinin lideri Mir Hüseyn Musəvinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. O, milli təhlükəsizliyə təhdiddə günahlandırılır. Prezidentliyə keçmiş namizədə qarşı 9 maddə üzrə ittiham irəli sürülüb.
Güc strukturlarının prezident Mahmud Əhmədinejadı dəstəkləyən müraciəti ölkənin baş prokurorluğuna təqdim olunub. Qətərin «Əl-Cəzirə» telekanalının yaydığı məlumata görə, məhkəmə araşdırmalarına başlanılsa, 67 yaşlı Musəvini 10 ildən çox həbs cəzası gözləyir.
Mir Hüseyn Musəvi isə uzun fasilədən sonra özünün internet saytında prezidentliyə digər keçmiş islahatçı namizəd Mehdi Kərrubi ilə birgə Əhmədinejad hökumətinin legitim olmadığını yenidən bəyan edib. Onları İranın sabiq prezidenti Məhəmməd Xatəmi də dəstəkləyib. O, hökuməti kütləvi həbslərdə və saxlanılanların hüquqlarını pozmaqda günahlandırıb.
Bu arada Mir Hüseyn Musəvinin həbs edilmiş tərəfdarlarından 6-nın asıldığı barədə xəbərlər yayılıb. Lakin rəsmi orqanlar bu məlumatı təsdiqləməyib. /ANS TV/