İranda respublika prezidentliyinə namizədlərdən islahatçı Mir Hüseyn Musəvi sorğu anketlərində yenidən önə keçib. İngiliscə yayılan dövlət televiziyası "Press TV"də yer alan sorğu nəticələrinə görə, xalqın 54 faizi gələn həftə keçiriləcək seçkidə Musəviyə səs verməyi düşünür.
Mühafizəkar namizədlərdən prezident Mahmud Əhmədinejada olan xalq dəstəyinin isə 35 faiz olduğu ifadə olunub.
Xalqın bu qərarına iyunun 3-də dövlət televiziyasında nümayiş edilən Əhmədinejad və Musəvi arasındakı debatlar təsirli olduğu düşünülür.
Qeyd edək ki, İranın 30 əyalətində daha əvvəl aparılan sorğularda Əhmədinejad 54,5 faizlik səs nisbəti ilə birinci yeri tutmuşdu.
İslahatçı Mehdi Kərrubi ilə mühafizəkar Muhsin Rzainin də namizəd olduğu 12 iyun seçkilərində əsl yarışın Əhmədinejad ilə Musəvi arasında gedəcəyi düşünülür. /ANS PRESS/