Müfti fətva verdi, 5 000 çadır qaytarıldı
14 İyun 2012 Cümə Axşamı 07:14
Vanlılar ictimaiyyətə aid çadırları qaytarmağa başlayıb
Türkiyənin Van vilayətində baş vermiş zəlzələdən sonra istifadə olunmayan çadırların qaytarılmamasına müfti müdaxilə edib. Van müftisi Nemətullah Arvas cümə günü məsciddə oxuduğu moizədə xalqa müraciət edərək çadırların ictimaiyyətə aid olduğunu, səbəbsiz yerə saxlamağın günah olduğunu deyib. “Bu çadırlar ictimai maldır və onların üzərində bir çox insanın haqqı var. Üstünüzə vəbal götürməyin”.
Xatırladaq ki, keçən il Vanda oktyabrın 23-də baş vermiş 7.2 və noyabrın 9-da baş vermiş 5.6 bal zəlzələdən sonra yerli sakinlərə müvəqqəti yaşamaq üçün 80 000 çadır paylanmışdı. Daha sonra zəlzələdən zərər çəkənlər üçün yeni şəhərcik salınmış və çadırlar geri istənmişdi. Ancaq paylanan çadırların sadəcə 10 minini toplamaq mümkün olmuşdu.
Türkiyə “Qırmızı Aypara” cəmiyyətinin əməkdaşları çadırları toplamaq məqsədilə şəhərdə afişalar asmış, yerli sakinlərə broşuralar paylamış, radiodan isə elanlar səsləmdirmişdi. Buna baxmayaraq heç bir nəticə əldə edə bilməmişdi.
Qeyd edək ki, cəmiyyət rəsmiləri müftinin müraciətinin effekt verdiyini, qaytarılan çadır sayının 15 minə çatdığını bildirib.
DOSTLARINLA PAYLAŞ: