Müdafiə naziri jurnalistə hücum etdi
11 Mart 2010 Cümə Axşamı 22:25
Berluskoninin mətbuat konfransında qalmaqal baş verib. Müdafiə naziri jurnalistə hücum edib.
İtaliyanın baş naziri Silvio Berluskoni və müdafiə naziri İqnatsio La Russanın mətbuat konfransı zamanı qalmaqal baş verib. Mətbuat konfransına müstəqil jurnalist kimi daxil olan Rokko Karlomanko bir neçə dəfə baş nazirə sual verməyə cəhd edib. Mikrofona yaxın buraxılmaya Karlomanko yüksək səslə öz suallarını verərək mətbuat konfransını pozub.
Jurnalist baş nazirdən onun sağ əli hesab olunan, həmçinin İtaliyada fövqəladə hallarla bağlı quruma rəhbərlik edən Qvido Bertloza ilə bağlı sual vermək istəyirmiş. Qeyd edək ki, Bertloza rüşvət almaqda şübhəli bilinir.
Baş nazir isə sualın cavabında jurnalisti təxribatçı adlandırıb. “Bu, jurnalistlər üçün mətbuat konfransıdır, sizin kimi şəxsiyyətlərin yeri deyil”,-deyən baş nazir Karlomankonun mətbuat konfransında səslənən bütün sualların öncədən hazırlanması ittihamına təhqirlə cavab verib. “Heç nə əvvəlcədən hazırlanmayıb. Siz isə nəinki şit, hətta gülünc adamsız”,-deyə Berluskoni söyləyib. Baş nazir keçəl olan jurnalistə sataşmağı da unutmayıb: “Siz hər gün səhər saçınızı daramaq üçün güzgüyə baxanda, artıq əhvalınız korlanmış olur”.
Bundan sonra vəziyyət biraz da gərginləşib. İtaliyanın müdafiə naziri jurnalistin qolundan tutaraq zaldan bayıra atmaq istəyib. Müdafiə nazirini “hiyləgər faşist” adlandıran Karlomanko mühafizəçilərə müraciət edərək La Russanın zaldan çıxarılmasını tələb edib. Naziri məhkəməyə verəcəyinə söz verən Karlomankonu isə heç cürə zaldan çıxarmaq mümkün olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: