Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir
02 Oktyabr 2009 Cümə 14:10
Bu hadisə Suriya ərəb dövlətinin Hələb şəhərinin qəsəbələrindən birində baş verib
«Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyirini) görəcəkdir (mükafatını alacaqdır)». («Zəlzələ» surəsi,7-ci ayə)
Qarşınızdaki məqalə nə kiminsə təxəyyülündən irəli gəlmişdir, nə də daxili dünyasının təsəvvüründən. Bu hadisə Suriya ərəb dövlətinin Hələb şəhərinin qəsəbələrindən birində baş vermişdir.
Soyuq dekabr günlərindən biri idi. Təhsil haqqını ödəmək üçün xırda məişət əşyaları satan balaca Adəm həm aclıqdan, həm də yorğunluqdan tir-tir əsirdi. Aclığa tab gətirə bilməyib ömründə birinci dəfə tanımadığı evin qapısına yaxınlaşır. Özündə güc tapıb soyuqdan donmuş balaca əlləri ilə qapının zəngini basır. Qapını cavan qadın açır. İmran özünü itirdiyindən, nə edəcəyini bilməyib bir stəkan su istəyir. Amma qadın onun ac olduğunu başa düşür, tez evinə qayıdır və bir stəkan isti süd gətirir. Adəm südü iştahla içir və dərhal nə qədər verəcəyini soruşur. Qadın deyir: Heç bir şey, anam bizə xeyirxah işlərə görə kimsədən pul almamağı tapşırardı. Adəm təbəssümlə deyir: Onda mən sizin mehribanlığınıza görə Allaha dua edəcəyəm. Adəm oranı tərk etdikdən sonra özünü gümrah hiss etməklə yanaşı, Allaha olan imanı və etimadı da güclənir. Üstündən neçə-neçə illər keçir. Adəmin yaşadığı məhəllədə çox şeylər dəyişilir. Həmin qadın qocalıb xəstəlik yatağına düşür. Yerli həkimlər qadının dərdinə əlac tapa bilməyib şəhərin mərkəzi xəstəxanasına göndərirlər. Xəstəxananın baş həkimi Adəm Zəkir xəstəni müayinə etmək üçün baş məsləhətçi olaraq dəvət olunur. O, xəstənin haradan gətirildiyini eşitdikdə ağır keçirdiyi uşaqlıq illəri gözləri önünə gəlir. Dərhal xəstənin yanına gəlir. Adəm palataya daxil olduqda o saat bir vaxtlar ona mehribanlıq göstərən qadını tanıyır. Həkimlərlə məşvərət etdikdən sonra, qadının müəyyən olunmayan xəstəliyinin müalicəsinə xüsusi diqqət göstərməyə başlayır. Nəhayət, xəstəliyin səbəbləri müəyyən edilib müalicə olunur. Doktor Adəm Zəkir qadının xəstəxana hesabını ona gətirmələrini xahiş edir. Qəbzə nəzər saldıqdan sonra altından nə isə yazıb öz imzasını qoyur və bundan sonra onun qadına verilməsinə icazə verir. Qadın zərfi aldıqda onu açmağa belə qorxurdu. Çünki yoxsulluq onu olduqca ağır vəziyyətə salmışdı. O, köhnə evini satsaydı belə, yenə də qeyd olunan məbləği ödəyə bilməyəcəkdi. Qadın üzünü Allahın dərgahına tutaraq Ondan kömək diləyir. Özündə cəsarət tapıb zərfi açır və dərhal məbləğə nəzər salır. Məbləğin altında əl ilə yazılan bu sözləri oxuyur: «Müalicə pulunuz bir stəkan süd ilə ödənilmişdir». Heyrətə gələn qadın dərhal bir vaxtlar süd verdiyi balaca oğlanı xatırlayır. Gözləri yaşla dolur və nə edəcəyini bilmir. Titrək səslə dəfələrlə bu sözləri təkrar edir: «Allahım, şükür olsun Sənin kərəminə. Sən nə qədər böyük, nə qədər əzəmətlisən. Allahım, şükür olsun Sənin birliyinə. Allahım, Sən Öz bəndələrinə nə qədər mehriban və mərhəmətlisən…».
Aləmlərə rəhmət olaraq göndərilən Həzrət Məhəmməd (s.ə.s) buyurur: «Kim öz halal qazancından saf niyyətlə, hətta əgər bir xurma verərsə, Allah-Təala onun əvəzini o qədər artırar ki, xurma dağ qədər böyüyər». ANSPRESS
DOSTLARINLA PAYLAŞ: