Mottaki: “Nüvə yanacağı istehsal etmək bizim haqqımızdı”
21 Avqust 2010 Şənbə 11:00
İranın xarici işlər naziri Mottaki jurnalistlərə açıqlamasında belə deyib.
İran və Rusiya mütəxəssisləri Buşer AES-də son tamamlama işlərini başa çatdırdıqdan sonra İslam Respublikasının xarici işlər naziri ölkəsinin ilk nüvə reaktoru üçün nüvə yanacağı istehsal etmək niyyətini bir daha təkrar edib.
İranda səfərdə olan Seneqal xarici işlər naziri Madike Nianq ilə keçirilən birgə mətbuat konfransında çıxış edən Manuçöhr Mottaki bildirib ki, nüvə yanacağı istehsal etmək İranın haqqıdır.
“Biz tələbimizi ödəmək üçün nüvə yanacağını özümüz istehsal etmək istəyirik. Nüvə silahının yayılmaması haqda müqavilənin tərəfdarı olduğumuz üçün yanacaq istehsal etmək bizim haqqımızdır. Əgər gələcəkdə belə bizim yanacağa ehtiyacımız olmayacağı zaman biz bunu yanacaq bankından istəyənlərə verə bilərik”, - deyə Manuçöhr Mottaki bildirib.
Seneqalın xarici işlər naziri Madike Nianq isə birgə mətbuat konfransında bildirib ki, yeni atom elektrik stansiyasının istifadəyə verilməsi dünyaya İranın nüvə enerjisindən sülh naminə istifadə etdiyini sübut edəcək.
“Buşehr AES-nin istifadəyə verilməsi və elektrikin istehsal edilməsi ilə İran dünyaya göstərir ki, qeyri-hərbi məqsədlərlə nüvə enerjisinin istehsal edilməsi bir faktdır və Seneqal da İslam Respublikasının bu siyasətindən razıdır”, - deyə Madike Nianq bildirib.
Qeyd edək ki, İranın şimalında atom elektrik stansiyasına yanacağın daxil edilməsi münasibətilə milli şənliklərin keçiriləmsi nəzərdə tutulur. Rusiya tərəfi isə zavodun təhlükəsizliyinə təminat verəcəyinə və işlənmiş yanacağın yenidən silah layihələrinə cəlb edilməsinin qarşısını almağa söz verib. İran atom təşkilatının rəhbəri Əli Əkbər Salehinin sözlərinə görə, BMT nüvə mütəxəssiləri və MAQATE əməkdaşlarının nüvə yanacağının anbarlardan götürülərək reaktora daşınması mərasimini müşahidə etmək üçün İrana gələcəkləri gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: