Moskvada yaşayan azərbaycanlılara xəbərdarlıq edilib
02 Noyabr 2013 Şənbə 17:16
Moskvada yaşayan və fəaliyyət göstərən soydaşlarımıza noyabrın 4-də insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq barədə məsləhət verilib.
Rusiyanın paytaxtı Moskvada yaşayan azərbaycanlılara xəbərdarlıq edilib. Bu barədə məlumatı ANS PRESS-ə Ümumrusiya Azərbaycan Konqresinin Moskva regional təşkilatının sədri İlqar Hacıyev verib.
O, Moskvada yaşayan soydaşlarımızın noyabrın 4-də özlərini rus millətçilərinin qəzəbindən qorumalı olduğunu deyib.
"Artıq Moskavada yaşayan soydaşlarımıza mitinqlər zamanı ehtiyatlı olmaları ilə bağlı məsləhətlər verilib. Moskvada yaşayan və fəaliyyət göstərən soydaşlarımıza noyabrın 4-də insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq barədə məsləhət verilib”.
İ.Hacıyev məktəblərdə oxuyan azərbaycanılar, müxtəlif sənət sahibləri olan soydaşlarımızı mümkün qədər ehtiyatlı olmağa dəvət etdiklərini söyləyib. ”Həmin gün Rusiya polisi gücləndirilmiş iş rejimində çalışacaq. Soydaşlarımız məktəblərə də getməlidirlər, işləri ilə də məşğul olmalıdırlar. Amma millətçilərdən qorunmalıdırlar”.
Yekatrinburqda yaşayan azərbaycanlıların verdikləri məlumata görə, bu şəhərdəki soydaşlarımıza da aksiyalarla bağlı xəbərdarlıq edilib. Onlara həmin günlazım olmadıqca evdən çıxmamaq, məktəblərə getməmək məsləhət görülüb.
Qeyd edək ki, noyabrın 4-də Rusiya höküməti Moskvada 9 mitinqin keçirilməsinə rəsmi şəkildə icazə verib. ANS PRESS-in Rusiya mətbuatına sitinadən verdiyi xəbərə görə, Moskvada təşkil ediləcək kütləvi mitinq və təntənəli yürüşlərə 25 mindən çox insanın qatılması gözlənilir.
"Rus marşı" adlanan mitinqdə isə 15 minə yaxın insanın iştirakı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: