Moskvada ölüm rekordu
09 Avqust 2010 Bazar Ertəsi 17:40
Bir sutkada 449, bir ayda isə 5155 nəfər dünyasını dəyişib.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində görünməmiş isti və şəhəri bürüyən tüstü bu gedişlə sözün əsl mənasında moskvalıların axırına çıxacaq. Şəhərin morqları insan meyitləri ilə doludur, qəbiristanlıqlarda isə əməlli başlı növbələr yaranıb. Yalnız ötən sutka ərzində ölən şəxslərin sayı 449 nəfərə çatıb ki, bu da adi vaxtlardakı ölüm hallarından 4,5 dəfə çoxdur.

İyul ayında ölənlərin sayı isə 5155 nəfər olub. İyul ayının ilk 15 günündə 1560, ikinci yarısında isə 3595 nəfər dünyasını dəyişib. Ötən gün qeydə alınan rekord göstərici isə dəhşətli bir statistika qeydə alınması ilə nəticələnə bilər. Son 140 ildə ən isti günlərini yaşayan Moskvada havalar bu cür davam edərsə, ay ərzində 13 min insan ölə bilər.

Ölkənin Səhiyyə Nazirliyi baş verən ölüm halları ilə bağlı məlumatları gizlətməyə çalışsa da, statistika acınacaqlıdır. Avqust ayının ilk səkkiz günündə 2213 nəfər dünyasını dəyişib. Əsas risk qrupu olan insanların sırasında isə xroniki xəstəlikləri olanlar və yaşlılar daxildir.

Moskvada havanın çirklənməsi də rekord həddədir. Atmosferdəki dəm qazının miqdarı normadan 2,2, külün miqdarı 2,2, xüsusi kömür tullantılarının miqdarı isə 3,5 dəfə çoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar