Moskva gərgindir
16 Dekabr 2010 Cümə Axşamı 11:00
Milis 1300-dən çox şəxsi saxlayıb
Rusiyanın paytaxtı Moskva şəhərində dünən axşamdan başlayan gərginlik bu gün də davam edir. Ötən gün baş verən iğtişaşlardan sonra Kiyev voğzalına bomba qoyulması barədə anonim zənglə bağlı Moskva milisi adamların evkuasiyasını həyata keçirib, ərazini mühasirəyə alıb. Bomba qoyulması barədə xəbər
təsdiqlənməyəndən sonra vağzal əvvəlki adi iş rejiminə qayıdıb.

Qeyd edək ki, Moskva milisi dünən səhər saatlarından paytaxtın mərkəzində nəzarəti gücləndirsə də, millətçilərin yeni iğtişaşlarının qarşısını almaq mümkün olmayıb. Axşam saatlardan Kiyev voğzalı ətrafına toplaşan və armaturlarla silahlanan gənclər milisin və daxili qoşun hissələrinin yaratdığı mühafizə zəncirini qismən yara biliblər. Millətçilərlə həmin ərazidə toplaşan qafqazlılar arasında toqquşma baş verib.

Ən son məlumatlara görə, Rusiyanın paytaxtı Moskva şəhərində dünən baş verən iğtişaşlarla bağlı milis 1300 nəfərdən çox şəxsi saxlayıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyindəki (DİN) mənbədən “Ria Novosti” agentliyinə verilən məlumata görə, baş verən qarışıqlıqda ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 5-i müalicələrini stasionar şəraitdə davam etdirirlər.

“Avropa, Smolensk-Senna və Manej meydanlarında milis işçiləri 1348 nəfəri saxlayıb. Onlardan 16 travmatik tapança, 208 bıçaq, 260 küt alət – armatur, çəkiclər, beysbol ağacları və s. götürülüb“, - deyə Rusiya DİN-in əməkdaşı bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərdən 37-nə qarşı inzibati qaydada protokol tərtib edilib.

Moskva ilə yanaşı Sankt-Peterburqda şəhərində də etiraz aksiyası keçirilib. Milis burada 80 nəfəri həbs edib. Saxlanılanların üzərində rezin dəyənəklər, armatur parçaları və pnevmatik tapançalar götürülüb. Əsas etiraz aksiyaları Senna və Nevski prospektlərində keçirilib.

Samara şəhərində isə etiraz aksiyası keçirən “Krılya Sovetov” futbol klubunun 100 azarkeşi saxlanılıb. Onlar etiraz aksiyası zamanı iğtişaşlar yaratmağa cəhd ediblər.

Moskva meri Serqey Sobyanin bəyan edib ki, milis bundan sonra da baş verəcək istənilən iğtişaş və zorakılıq hallarının qarşısını sərt şəkildə alacaq: "Hüquq mühafizə orqanları şəhərdə razılaşdırılmamış aksiyaların qarşısını almaq üçün proflaktik işlər aparır. Hazırda yüzlərlə insan saxlanılıb. Xəsarət alanlar barədə hələ heç bir məlumat yoxdur. Bununla belə, milis şəhər küçələrində intensiv nəzarəti davam etdirir. Metro və digər ictimai nəqliyyatda milis gücləndirilimiş iş rejimində işləyir. Mən hamını soyuqqanlı olmağa və təxribatlara uymamağa çağırıram. Milis istənilən iğtişaş və zorakılıq hallarının qarşısını sərt şəkildə alacaq".

Xatırladaq ki, iğtişaşlar “Spartak” futbol klubunun fanatları ilə qafqazlılar arasında baş vermiş dava zamanı güllələnən 28 yaşlı azarkeş Yeqor Sviridovun qətlindən sonra başlayıb. Radikal millətçilər ölüm faktının araşdırılmasını tələb edirlər. 28 yaşlı Yeqor Sviridovun öldürən şəxsin Kabardin-Balkar Respublikasından olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar