Monakoda toya son hazırlıqlar gedir
01 İyul 2011 Cümə 11:13
Monako dünyanın ən güclü mühafizə olunan ərazisinə çevrilib.
Monakoda şahzadə İkinci Alber və Cənubi Afrikanın üzgüçülük üzrə keçmiş olimpia çempionu Şarlen Uitstokun çoxdan gözlənilən nikah mərasiminə son hazırlıqlar gedir. Cütlüyün bu gün vətəndaş nikahı olacaq, sabah isə katolik kilsəsində toy mərasimi davam edəcək.
Nikah mərasimi dəbdəbəli olacaq. Monte-Karlonun küçə və meydanlarında knyazlığın bütün sakinləri üçün stollar açılacaq. İki gün ərzində möhtəşəm konsertlər və atəşfəşan planlaşdırılıb. Sabahkı mərasimdən sonra Monte Karlo opera teatrında 500-dən çox qonaq üçün qala nahar təşkil olunacaq. Gəlinin şərəfinə qonaqlar qala naharı Cənubi Afrika şərabı ilə başlayacaq və bütün rəngləri ilə Cənubi Afrikanı tərənnüm edən güllərlə bəzədilmiş tortla yekunlaşdıracaq.
Mərasimdə tanınmış şəxslər və dövlət liderləri, o cümlədən Fransa prezidenti Nikolya Sarkozi, İsveç kralı Karl Qustav, modelyer Karl Laqerfeld, supermodel Naomi Kempbel, idman və müsiqi dünyasının digər ulduzları da iştirak edəcək.
Knyaz üçüncü Renye və Hollivud ulduzu Qreys Kellinin oğlu İkinci Alber uzun müddət subay qalıb. Knyaz İkinci Alberin müxtəlif qadınlardan kəbinsiz iki uşağı - 1992-ci ildə qızı və 2003-cü ildə oğlu olub. Əsas məşğuliyyəti təbiətin mühafizəsi olan Monako şahzadəsi idmanın böyük həvəskarı kimi də tanınır. Onun məhz Şarlen Uitstoku seçməsinin də təsadüfi olmadığı hesab edilir. Cütlük 2000-ci ildə yarışda tanış olub. Onların sevgi macərası isə beş il sonra başlayıb. Gcütlük nişanları barədə 2010-cu il iyunun 23-də elan edib. Monakoda təxminən son 30 ildə, yəni 1982-ci ildə Qreys Kellinin vəfatından sonra «birinci xanım» olacaq.
Toy mərasiminin keçirildiyi günlərdə Monako dünyanın ən güclü mühafizə olunan ərazilərindən birinə çevrilib. Təhlükəsizliyin təminatına yüzlərlə polis əməkdaşı cəlb olunub və 500-dək müşahidə kamerası quraşdırılıb. Monako səmasında uçuşlar müvəqqəti dayandırılacaq, dəniz nəqliyyatı isə güclü nəzarət olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: