Moldovada növbədənkənar parlament seçkiləri keçirilir
29 İyul 2009 Çərşənbə 02:15
Beş faizlik həddi keçən siyasi təşkilatlar parlamentdə təmsil olunmaq hüququ qazanacaq

Bu gün Moldovada 2009-cu il ərzində ikinci dəfə parlament seçkiləri keçiriləcək. Növbədənkənar seçkilərin etibarlı sakyılması üçün seçici siyahılarında adı olanların ən azı üçdən bir hissəsi səsvermədə iştirak etməlidir. Əgər seçici fəallığı aşağı olsa, iki həftədən sonra MSK-nın qərarı ilə təkrar seçkilər keçirilməlidir.
Moldova MSK-nın məlumatına görə, seçici siyahılarında 2 620 418 nəfərin adı var. Seçiklərin keçirilməsi üçün 1987 seçki məntəqəsi yaradılıb və onlardan 33-ü xarici ölkələrdə yerləşir.
Beş faizlik həddi keçən siyasi təşkilatlar parlamentdə təmsil olunmaq hüququ qazanacaq və bu, yenilikdir. Əvvəllər parlamentə düşmək üçün altı faizlik həddi aşmaq lazım idi. Lakin parlamentin aprelin 5-də keçirilmiş seçkilərdə formalaşmış XVII çağırışı seçki qanunvericiliyində dəyişiklik edib. Həmin çağırışın deputatları Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirə və bir sıra qanunvericilik aktlarını qəbul edə biliblər. Lakin sonradan prezident Vladimir Voroninin fərmanı ilə parlament buraxıldı. Buna ölkə prezidentinin seçilməsinə edilmiş iki uğursuz cəhd səbəb olmuşdu. Parlamentdə 60 yerə malik kommunistlər prezidentin seçilməsinə nail ola bilmədilər. Bunun üçün onların cəmi 1 səsi çatmadı. Müxalifət isə dövlət başçısının seçilməsinə yardım göstərmədilər və bununla növbədənkənar seçkilər labüd oldu. Buna qədər isə aprelin 6-7-də müxalifət seçkilərin nəticələrinin saxtalaşdırılması iddiası ilə paytaxt Kişinyovda etiraz aksiyaları təşkil etmişdi. Bu aksiyalar sonradan kütləvi iğtişaşlar-prezident admnistrasiyası və parlament binasının yandırılması, Rumıniya bayrağının qaldırılması ilə nəticələndi. Bunun ardınca Rumıniyanın səfiri Moldovadan çıxarıldı, Moldova-Rumıniya sərhədində viza rejimi tətbiq edildi.
Növbədənkənar seçkilər vasitəsilə formalaşmış parlament spiker və prezidenti seçməlidir. Əgər onlar bunu iki cəhdlə edə bilməsələr, o zaman parlament yenidən buraxılacaq və fəaliyyətdə olan prezident Vladimir Voronin ölkəyə rəhbərliyi davam etdirəcək. Növbəti seçkilər isə gələn ildən tez keçirilməyəcək.
Bu günkü seçkilərdə deputat mandatları uğrunda səkkiz siyasi təşkilat mübarizə aparacaq. Bunlar Moldova Kommunist Partiyası, Xristian-Demokrat Xalq Paritiyası, “Bizim Moldova” alyansı, Liberal Partiya, Sosial-Demokrat Partiyası və “Alyansa Verde” (“Yaşıl Alyans”) ekeologiya partiyasıdır. Səsvermə yerl vaxtla saat 7.00-də (Bakı vaxtı ilə saat 9.00) başlayacaq və saat 21.00-dək (Bakı vaxtı ilə saat 23.00) davam edəcək. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar