Gürcüstan prezidenti Mixeil Saakaşvilinin səlahiyyətləri məhdudlaşdırılıb.
Gürcüstan prezidenti Mixeil Saakaşvili istintaqa cəlb oluna bilər. Ölkə başçısı 8 il əvvəl müəmmalı şəkildə ölən keçmiş baş nazir Zurab Jvaniyanın ölümündə şübhəli bilinir.
Tiflis prokuroru Gürcüstan prezidentinin konkret nə ilə bağlı sorğuya çağırıldığını açıqlamasa da, Mixeil Saakaşvilinin hələ birinci prezidentlik müddəti zamanı keçmiş baş nazir Zurab Jvaniyanın ölümü və müxalifət nümayişlərinin dağıdılması ilə əlaqədar dindiriləcəyi ehtimal edilir. Rəsmi versiyaya görə, azərbaycanlıların məskunlaşdığı Kvemo-Kartli vilayətində səfərdə olarkən dəm qazından boğulan Zurab Jvaniyanın ölümündə əli ola bilərmi?
Politoloq Quram Pipianın sözlərinə görə, Saakasvilini Amerikadan Zurab Jvaniya gətirib: “O, Amerikada işləyirdi, onlar cox yaxın dostlar idilər. Mən inanmıram ki, onun ölümündə Saakaşvilinin əli olsun, bu mənim şəxsi fikrimdir”.
Politoloq Levan Kapanadze: “Kimliyindən asılı olmayaraq, istəyir prezident olsun, istərsə də adi vətəndaş əgər onun cinayətdə əli varsa, o, hökmən cinayət məsuliyyəti daşımalıdır. Bu böyük cinayətdə əgər prezidentin zərrə qədər günahı varsa, onu mutləq dindirmək lazımdır”.
Qeyd edək ki, son günlərə qədər qanun Gürcüstan prezidenti statusunda şəxsi dindirməyi qadağan edirdi. Bu qadağa parlament prezidentin səlahiyyətlərini məhdudlaşdıran düzəliş qəbul etdikdən sonra aradan qalxıb. Bu düzəlişlə prezidentə daha bir neçə addımları atmaq qadağan edilib. Onlardan ən başlıcası prezidentin hökuməti istefaya göndərmək səlahiyyətinin ləğv olunmasıdır.
Bundan belə Saakaşvili əsas rəqibi olan Bidzina İvanişvilinin rəhbərlik etdiyi hökuməti istefaya göndərmək istəyərsə, hökmən müxalifət yönümlü “Gürcüstan arzusunun” çoxluqda olduğu parlamentin razılığını almalıdır. Gürcüstanda prezident və baş nazir arasında rəqabətin qızışdığını deyən politoloqlar əsas mübarizənin hələ qarşıda olduğunu düşünürlər. Hazırda, Tiflisdə bir çoxları aprelin 19-nu gözləyir. Həmin gün Saakaşvili tərəfdarları NATO-ya inteqrasiyaya dəstək mitinqi keçirməyi planlaşdırırlar. Hesab edilir ki, bu aksiya ilə indiki prezident rəqiblərinə öz gücünü göstərməyə çalışacaq.