Mixail Saakaşvili istintaqda
24 Fevral 2013 Bazar 12:17
Gürcüstan prezidenti Mixail Saakaşvili yaxın vaxtlarda şahid qismində istintaqa ifadə verməyə çağırıla bilər.
Gürcüstan prezidenti Mixail Saakaşvili yaxın vaxtlarda şahid qismində istintaqa ifadə verməyə çağırıla bilər. Bunu Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili açıqlayıb. Prokuror bildirib ki, "İmedi" telekanalının keçmiş rəhbərliyinin pul mənimsəməsi ilə bağlı Saakaşvilinin də ifadə verəcəyi istisna edilmir.
Gürcüstanın "9-cu kanalı"nın məlumatına görə, dünən İstintaq Komitəsi Tiflis meri Qiqa Uqulavaya qarşı "İmedi" telekanalını ələ keçirməklə bağlı rəsmi şəkildə ittiham irəli sürüb. İstintaq hesab edir ki, həmin teleşirkətin keçmiş sahibi Cozef Key 2008-ci ildə şirkətdəki səhm payını hədə-qorxu və təzyiq altında Tiflis merinə satıb. İstintaqın versiyasına görə, telekanala sahib olma saxta saziş vasitəsilə Tiflis şəhər icra hakimiyyəti tərəfindən maliyyələşdirilib. Cozef Keyin ifadəsinə əsasən, bütün hərəkətlər Gürcüstan prezidenti Mixail Saakaşvili ilə razılaşdırılıb. Məhz buna görə də, yaxın vaxtlarda Mixail Saakaşvilinin də ifadəsi alına bilər. Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze isə baş prokuror Arçil Kbilaşvilinin bəyanatını "ləkə yaxmaq" adlandırıb.
Qeyd edək ki, "İmedi" telekanalı gürcü sahibkar Badri Patarkaçişvili tərəfindən yaradılıb və vaxtilə ölkənin aparıcı müxalifət-yönümlü kütləvi-informasiya vasitəsi olub. 2007-ci ildə Badri Patarkaçişvili müxalifətə keçərkən "İmedi"nin səhmlərini mediamaqnat Rupert Mördokun "News Corparations" şirkətinin idarəsinə vermişdi. 2008-ci ildə Patarkaçiaşvili vəfat etdikdən sonra şirkətə onun ögey qardaşı bankir Cozef Key sahib çıxmış və sazişlər nəticəsində teleşirkət "Corcia Media Prodactions Group"un nəzarətinə keçmişdi. 2012-ci ildə isə "İmedi"yə sahiblik onun yaradıcısı Patarkaçiaşvilinin ailəsinə qaytarılmışdı.
Əgər Tiflis meri Qiqa Uqulavaya qarşı cinayət məcəlləsinin 2 maddəsilə irəli sürülmüş ittihamlar öz təsdiqini taparsa, onu 9 ildən 12 ilədək həbs cəzası gözləyir.
DOSTLARINLA PAYLAŞ: