Mixail Saakaşvili buldozer sürdü
07 Yanvar 2012 Şənbə 20:08
Gürcüstan prezidenti Mixail Saakaşvili Qardabanidə yaşayan vətəndaşın ona unvanladığı məktubda yazılan problemləri yerinə yetirmək üçün bu şəhərə səfər edib.
Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərinə səfər edib. M.Saakaşvili Qardabani şəhərinin Leselelidze küçəsində yaşayan Bela Xutişvilinin ona unvanladığı məktubda yazılan problemləri yerinə yetirmək üçün bu şəhərə səfər edib.
B. Xutişvili məktubunu yanvarın 5-də Qardabanidə yeni inşa olunan xəstəxananın açılışı zamanı ölkə prezidentinə təqdim edib. O, məktubunda yaşadıqları küçədə asfalt örtüyünün olmadığını, qar və yağış yağan zaman əziyyət çəkdiklərini bildirib.
Yanvarın 7-də yenidən tez bir zamanda Qardabani sakini B.Xutişvilinin ərizəsinə cavab vermək üçün bu küçəyə gələn M.Saakaşvili özü ilə bərabər asfalt yol çəkmək üçün müxtəlif texnikalar da gətirib. Yerli sakinlər və şəxsən B.Xutişvili ilə görüşdükdən sonra dövlət başçısı yol düzəldən qreyder buldozeri özü sürüb, Leselelidze küçəsində salınacaq asfalt yolunun çəkilişinə start verib.
Yanvarın 5-də Qardabanidə yeni inşa olunan xəstəxananın açılış mərasimində çıxış edən ölkə prezidenti Qardabaniyə son gəlişini yaxşı xatırladığını deyib: “Bu görüş heç vaxt yadımdan çıxmaz. Mən bu şəhərin əsas küçəsi ilə yüzlərlə insanla birlikdə addımlamışam. Bura Kaxetidən, Svanetidən, İmeretidən insanlar köçüb, burada etnik azərbaycanlılar yaşayır. Bu, bütün Gürcüstan ərazisində mini model yaşayış tərzidir. Buradakı insanlar çox zəhmətkeş, istedadlı, istiqanlı və yaxşı insanlardır”.
Qeyd edək ki, Qardabanidə 84 min azərbaycanlı yaşayır.
DOSTLARINLA PAYLAŞ: