Misirlilər xunta başçısına inanmadılar: toqquşmalar davam edir
23 Noyabr 2011 Çərşənbə 04:12
Feldmarşal Hüseyn Təntavinin vədləri nümayişçiləri sakitləşdirə bilməyib.
Misirin paytaxt Qahirədə keçirilən çoxminli etiraz aksiyasının iştirakçıları Silahlı Qüvvələrin Ali Şurasının rəhbəri, feldmarşal Hüseyn Təntavinin ötən axşamkı bəyanatını rədd edib. Nümayişçilər bütün tələbləri yerinə yetirilmədən Qahirənin baş meydanını tərk etməyəcəklərini bildiriblər.
Mitinqdə orduya hakimiyyəti mülki rəhbərlərə təhvil verməklə bağlı çağırışlar səslənir: “Biz qalırıq, qoy, o (Hüseyn Təntavi) getsin”. Nümayişçilər bildiriblərk i, feldmarşalın çıxışında yeni heç eşitməyiblər və onun bir sözünə belə inanmırlar. Etirazçılar Hüseyn Təntavinin çıxışını devrilmiş Misir lideri Hüsnü Mübarəkin yanvar inqilabı günlərindəki çıxışlarının surəti hesab edirlər. “Təntavi formalı Mübarəkdir”, “Get, get”, - mitinqdə şüarlar səslənir.
Hərbi xunta rəhbərinin ordunun hakimiyyəti qəsb etmək niyyəti ilə bağlı ittihamları təkzib edən çıxışından, eləcə də, yeni hökumətin formalaşdırılacağı, 1 iyul 2012-ci ilədək prezident seçkilərinin keçiriləcəyi barədə vədlərindən dərhal sonra Təhrir meydanının yaxınlığındakı küçədə yeni toqquşmalar baş verib.
Aksiyanın təşkilatçıları və təhlükəsizlik qüvvələri arasında razılaşmaya baxmayaraq, toqquşmalar yenidən qızışıb. Hadisə yerindən verilən məlumatlara görə, polis coşmuş kütlələri dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edir. Onlarla adamın xəsarət aldığı bildirilir.
Misirin digər iri şəhərləri - İsgəndəriyyə, Süveyn və İsmayıliyyə də də analoji vəziyyət yaranıb.
DOSTLARINLA PAYLAŞ: