Misirlilər Hüsnü Mübarəkin edamını istəyir
13 Avqust 2011 Şənbə 04:30
Respondentlərin fikrincə, eks-prezident mərhəmət hissi yaratmaq üçün özünü xəstəliyə vurub
Misirlilərin əksəriyyəti keçmiş ölkə prezidenti Hüsnü Mübarək barəsində ölüm hökmünün çıxarılmasına tərəfdardır. Böyük Britaniyada yerləşən YouGov beynəlxalq sosiologiya təşkilatı tərəfindən internetdə aparılan sorğunun nəticələri bunu deməyə əsas verir. Sorğu avqustun 5-7-də onlayn rejimdə keçirilib və onda 1012 misirli iştirak edib. Sorğuda iştirak edənlərin 67 faizi Hüsnü Mübarəkə ən ağır cəzanın verilməsinə tərəfdar çıxıb. Respondentlərin yalnız 22 faizi isə ölüm cəzasını çox sərt hesab etdiyini bildirib.
Sorğunun nəticələrinə görə, Hüsnü Mübarəkə qarşı ən mənfi münasibəti 18-24 yaşlı gənclər bəsləyir. Bu yaş qrupundakı respondentlərin 77 faizi eks-prezidentə ölüm cəzasının verilməsini istəyir. Rəyi soruşulanların 48 faizi Hüsnü Mübarəki “diktator”, 46 faizi “korrupsiyalaşmış”, 40 faizi “Qərbin müttəfiqi” adlandırıb, 40 faiz isə hesab edir ki, o, xalqda mərhəmət hissi oyatmaq üçün qəsdən özünü xəstəliyə vurub.
Sorğu iştirakçılarının təxminən yarısının fikrincə, ordu hətta yeni Kosntitusiyanın qəbulundan sonra da ölkənin siyasi həyatında mühüm rol oynamalıdır.
Xatırladaq ki, Hüsnü Mübarək ölkəyə 30 illik rəhbərlikdən sonra bu il fevralın 11-də xalqın kəskin etirazları fonunda istefa verib. Avqustun 3-də Qahirədə onunla bağlı məhkəmə prosesi başlayıb. Məhkəmə salına xərəkdə gətirilən eks-prezidentə qarşı bu ilin yanvar-fevralında etiraz aksiyası iştirakçılarının qəsdən öldürülməsi, eləcə də, 2000-2010-cu illərdə sifarişli qətllərlə bağlı ittiham irəli sürülüb.
İttiham tərəfi hesab edir ki, nümayişçilərə qarşı dolu güllələrdən istifadə edilməsinə şəxsən Hüsnü Mübarək razılıq verib. Bundan başqa, eks-prezident və oğulları korrupsiyada, hakimiyyətdən sui-istifadədə və dövlət vəsaitlərinin israfında günahlandırılırlar.
DOSTLARINLA PAYLAŞ: