Misirdə yeni etiraz dalğası
03 Fevral 2012 Cümə 11:52
Aksiya içştirakçıları futbol matçı zamanı baş verən insidentin araşdırılmasını tələb ediblər.
Fevralın 1-də Misirin Port-Səid şəhərində futbol matçı zamanı 74 nəfərin ölümü ilə nəticələnən insident Misirdə yeni etirazlara səbəb olub. Ötən gün paytaxt Qahirədə və bir neçə iri şəhərdə kütləvi etiraz aksiyaları keçirilib. Qahirədə nümayişçilərlə asayiş keşikçiləri arasında toqquşmalar baş verib. Qahirədə toqquşmalar zamanı 600-ə yaxın adamın xəsarət aldığı bildirilir. Nümayişçilər Daxili İşlər Nazirliyinin binasına daxil olmağa çalışdıqda, asayiş keşikçiləri onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər Port-Səid şəhərində baş verən insidentə görə məsuliyyəti təhlükəsizlik qüvvələrinin üzərinə qoyur və onları hadisə zamanı tədbir görməməkdə ittiham edirlər. Təhrir meydanında yenidən etiraz çadırları görünüb.
Etiraz aksiyaları Süveyş şəhərində də baş tutub. Burada polislə toqquşma zamanı 2 nümayişçinin öldürüldüyü bildirilir.
Qeyd edək ki, Misirin Port-Səid şəhərində iki futbol komandasının azarkeşləri arasında dava və meydanda yaranmış basabas nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edilib.
DOSTLARINLA PAYLAŞ: