Misirdə vəziyyət nəzarətdən çıxır
27 Yanvar 2011 Cümə Axşamı 12:15
Minlərlə nümayişçinin həbs olunduğu bildirilir.
Misirin paytaxtı Qahirədə və bir neçə iri şəhərdə Mübarək rejiminə, işsizlik və korrupsiyaya qarşı etirazlara on minlərlə adam qoşulub. Yanvarın 26-dan 27-nə keçən gecə Misirdə hökumət əleyhinə çıxışlar yeni qüvvə ilə davam edib. Bu gecə davam edən iğtişaşlarda ölkə prezidenti Hüsnü Mübarəyin istefasını tələb edən aksiya iştirakçıları hakim partiyanın qərargahına içərisində yandırıcı maddə olan şüşələr atıblar.

Yerli polis təkcə çərşənbə günü 700-dən çox aksiya iştirakçısını saxlayıb. Ümumilikdə isə söhbət minlərlə insanın həbsindən gedir.

Misirin paytaxtı Qahirədə nümayişlər zamanı baş vermiş toqquşmalarda 80 nəfərə yaxın adam yaralanıb, daha 1 nümayişçi və 1 polis əməkdaşı öldürülüb. Onlar hər iki tərəfdən atılan daş zərbələrindən ölüblər. Bununla da son iki gün ərzində iğtişaşlarda ölənlərin sayı 6 nəfərə çatıb.

30 ildir ki, ölkəni idarə edən Hüsni Mübarəyin rejiminə qarşı etiraz aksiyalarında 8 jurnalist həbs olunub. Bunu Misir Jurnalistləri Assosiasiyası bildirib. Həbs olunanlar arasında “Associated Press” agentliyinin operatoru və onun assistenti də var. “Associated Press”in fotoqrafını isə toqquşmaları çəkərkən polis döyüb.

ABŞ-ın dövlət katibi Hillari Klinton Misir hökumətini dinc nümayişlərin qarşısını almamağa, “Facebook” və “Twitter” kimi saytlardan istifadəyə əngəl törətməməyə çağırıb. Klinton İordaniyanın xarici işlər naziri Nassir Cudeh ilə keçirdiyi birgə mətbuat konfransında Misir xalqının öz hüquqları uğrunda mübarizəsini dəstəklədiyini bildirib.

Hillari Klinton həmçinin bildirib ki, regiondakı digər dövlətlərlə olduğu kimi, ABŞ Misir hökuməti ilə də uzun illərdir ki, islahatların və daha çox şəffaflığa ehtiyac olduğuna dair müzakirələr aparıb.

Almaniyanın xarici işlər naziri Qido Vestervelle də keçirdiyi mətbuat konfransında Misirdə 2 gün əvvəl başlayan və hələ də davam edən hökumət əleyhinə nümayişlər zamanı baş verən hadisələrdən Berlinin narahatlığını bildirərək, tərəfləri üsyan və qəzəbdən uzaq olmağa çağırıb: “Misirdə baş verənlərdən narahat oluruq. Misir üçün insan haqları, fikir azadlığı və mətbuat azadlığına hörmət etmək zamanıdır”.

Qido Vestervelle Misir rəsmiləri ilə görüşlərində Misirin Yaxın Şərq sülh prosesində həlledici rolundan danışdığını və eyni zamanda, Misirdə insan haqlarına hörmət edilməli olduğunu bildirib.

Qeyd edək ki, dünən İran informasiya agentlikləri Misir prezidentinin oğlu və ailəsinin guya Fransaya qaçdıqlarını yazıb. Yekunda isə bu barədə yayılan xəbərlər təkzib olunub. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar