Son gündə ölkədəki iğtişaşlarda 20 nəfər xəsarət alıb.
Misir prezidentinin fövqəladə vəziyyət elan etməsinə və iğtişaşların baş verdiyi şəhərlərə ordu yeritməsinə baxmayaraq, qarşıdurmalar səngimək bilmir. Rəsmilər Misirin dövlətçiliyinin təhlükə qarşısında qaldığını bəyan edirlər.
Misirin müdafiə naziri Əbdəl Fəttah Sisi uzun müddət sonra ilk dəfə media qarşısına çıxaraq ölkədə vəziyyətin həddən artıq kritik olduğunu bildirib. Onun sözlərinə görə, problemlər tezliklə öz siyasi həllini tapmasa, Misir dövləti tənəzzülə uğraya bilər.
Bu arada Misirdə qarşıdurmalar səngimək bilmir. Ötən gün axşam saatlarına qədər davam edən etirazlarda növbəti dəfə fəallarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb. Təhrir meydanına toplanan etirazçılar aksiyanı dağıtmaq üçün gələn polislərə daş və dəmir parçalarla hücum ediblər. Polis isə gözyaşardıcı qazlar və səs bombaları ilə etirazçılara müdaxilə edib. Rəsmilərin verdiyi məlumata görə, qarşıdurmalar zamanı 20-ə yaxın etirazçı xəsarət alıb.
Aksiya zamanı etirazçılar şəhərdə çoxlu sayda dağıntılar törədiblər. Bəzi mənbələr şəhərdə mehmanxanalardan birinin yandırıldığını bildirirlər. Həmçinin, müxtəlif rayonlarda hökumət dairələrinin və polis məntəqələrinin hücumlara məruz qalması ilə bağlı da xəbərlər yayılıb.
Ölkədəki vəziyyətlə əlaqədar prezident Məhəmməd Mursinin Fransaya rəsmi səfəri təxirə salınıb. Qeyd edək ki, Mursinin Almaniyaya, daha sonra Fransaya iki günlük rəsmi səfəri gözlənilirdi.
Qeyd edək ki, müxalifətin prezident Məhəmməd Mursinin sülh dialoqu təkliflərini qəbul etməməsi ölkədə gərginliyi daha da artırıb. Etirazçılar isə heç bir qadağalara məhəl qoymadan mübarizələrini davam etdirəcəklərini bildiriblər.
Artıq bir həftədir ki, davam edən etiraz aksiyalarında 60-a yaxın insanın öldürüldüyü bildirilir.