Misirdə tələbələr polislə toqquşub
24 Mart 2014 Bazar Ertəsi 00:31
Əl-Əzhər universitetinin tələbələri ordu komandanını təhqir ediblər.
Misirdə Müsəlman Qardaşları hərəkatı fəalları, o cümlədən yüzlərlə tələbə Qahirənin Əl-Əzhər və Qahirə univeritetində hökümətə qarşı etiraz aksiyası keçirib. "Rədd olsun hərbi idarəçilik" deyən, ordu komandanı Əs-Sissini təhqir edən etirazçılar müvəqqəti hökümət əleyhinə müxtəlif şüarlar səsləndirib. Nümayişçilər həbs olunmuş tələbə yoldaşlarının azad edilməsini tələb edib.
Çılğın etirazçılar Universitetin yataqxanası ilə əsas binasını bir-birindən ayıran beton arakəsmənin bir hissəsini dağıdıb. İzdihamı dağıtmaq üçün təhlükəsizlik qüvvələri aksiyaya gözyaşardıcı qazla müdaxilə edib. Oxşar zorakı toqquşmalar Qahirə Universitetində müşahidə olunub. Etirazlarda mühəndislik fakultəsinin tələbələri xüsusi fəal olub. Mühafizəçilər universitetin həyət qapılarını açdıqdan sonra etirazçılar kütləvi şəkildə küçəyə axışaraq, Giza Meydanına aparan yolu bağlayıb. Etirazçılar nəqliyyatın hərəkətinə mane olduğundan etirazçılarla bəzi sürücülər arasında qarşıdurmalar yaranıb.
DOSTLARINLA PAYLAŞ: