Misirdə orduya qarşı yürüş
06 İyul 2013 Şənbə 00:24
Afrika Birliyi çevrilişdən sonra Misirin üzvlüyünün dayandırılması barədə qərar çıxarıb.
Misirin Qahirə və gigər şəhərlərində devrilmiş prezident Məhəmməd Mursini dəstəkləyənlərlə ordu arasında qarşıdurma olub. Təsdiq olunmamış xəbərlərə görə qarşıdurmalar zamanı bir nəfər həlak olub. Şahidlər əsgərlərin Müdafiə Nazirliyinə üz tutan Mursi tərəfdarlarına atəş açdığını və yerdə qana bulanmış insanlar gördüklərini deyiblər.

Bu gün minlərlə Mursi tərəfdarı Qahirənin Rabiə Əl-Adaviyə məscidində toplaşaraq, orduya qarşı yürüşə çıxıb.

İslamçı partiyalar alyansına daxil olan Müsəlman Qardaşlarını təmsil edən Azadlıq və Ədalət Partiyası bu gün bütün ölkə boyu günorta ibadətindən sonra dinc etirazların keçirilməsinə səsləmişdi.

Prezident Mursinin ordunun köməyi ilə devrilməsindən sonra küçələrdə böyük bayram şənlikləri keçirilirdi.

Prezidenti müvəqqəti əvəz edəcək baş hakim Adli Mənsur çümə axşamı and içdikdən dərhal sonra Müsəlman Qardaşları tərəfindən rədd edilib.

Azadlıq və Ədalət partiyasının xarici əlaqələr üzrə məsul nümayəndəsi İslam Əbdül Rəhman Amerikanın Səsinə bildirib ki, onun təmsil etdiyi siyasi qurum hərbçilərin rəhbərlik etdiyi siyasi prosesdə iştirak etməyəcək.

Bu arada, Afrika Birliyi çevrilişdən sonra Misirin üzvlüyünün dayandırılması barədə qərar çıxarıb. Qurumun Sülh və Təhlükəsizlik Şurası bu qərarı bu gün Efiopiyanın paytaxtında keçirilən görüş zamanı verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar