Misirdə müsəlman-xristian qarşıdurması: 5 ölü, 54 yaralı
08 May 2011 Bazar 04:33
Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında müsəlmanlar və xristianlar arasında baş verən toqquşmalar nəticəsində 5 nəfər ölüb, 54 adam yaralanıb. Məlumatı Misirin rəsmi informasiya agentliyi yayıb. “Reuters” agentliyinin məlumatına görə, yaralılardan üçünün vəziyyəti ağırdır.
Ötən axşam Mari-Mina kilsəsi qarşısında təxminən 4000 nəfər sələfi toplaşıb. Onlar kilsəni mühasirəyə alıblar, avtomobillərin hərəkətini dayandırıblar və polisin dağılışmaqla bağlı çağırışlarına məhəl qoymayıblar.
Yaranan qarşıdurma zamanı xristianlar və müsəlmanlar arasında atışma baş verib. Kilsənin yerləşdiyi rayonda bir neçə ev yandırılıb. Toqquşmanın baş verdiyi əraziyə polis dəstələri və hərbçilər gətirilib. Onlar güc tətbiq ediblər.
Toqquşmalara İslamı qəbul edən xristian ailəsinin qızının kilsədə zorla saxlanılması barədə məlumatların səbəb olduğu bildirilir.
Qeyd edək ki, Yaxın Şərqdə ən böyük xristian icması Misirdədir. Müxtəlif məlumatlara görə, Misirin 80 milyonluq əhalisinin 10 faizini təşkil edirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: