Misir və Yəmən yenidən qarışdı
13 Avqust 2011 Şənbə 12:29
Ötən gün cümə namazından sonra Misir və Yəmən də nümayişlər keçirilib.
Ötən gün Misirin paytaxtı Qahirədə cümə nümayişi keçirilib. Mərkəzi Təhrir meydanında toplaşan nümayişçilərlə polis arasında gərginlik yaşanıb. Meydan ətrafında nəqliyyatın hərəkətini dayandırmaq istəyən və polis qüvvələri əleyhinə şüarlar səsləndirən nümayişçilərə hərbi qüvvələr müdaxilə edib. Aksiya iştirakçıları onlara nümayiş keçirməyə mane olan Daxili İşlər Nazirliyinin əleyhinə də şüarlar səsləndiriblər. Meydana toplaşmış müxtəlif siyasi partiyaların tərəfdarları arasında da münaqişələr qeydə alınıb. Bəzi mənbələrə görə, Təhrir meydanında cümə günü 26 siyasi partiya və hərəkatın nümayəndələri toplaşıb. Aksiya iştirakçıları Misir ordusu və polisinin onlara din və İslam düşmənlərinə qarşı mübarizədə yardımçı olmalarını istədiklərini bəyan ediblər.
Ötən gün Yəməndə də cümə namazından sonra kütləvi nümayiş keçirilib. Paytaxt Sənanın sakinləri Səudiyyə Ərəbistanında müalicə alan prezident Əli Abdulla Salehin ölkəyə qayıtmasına etiraz ediblər. Nümayişin keçirilməsinə Yəmənin rəsmi xəbər agentliyi "SABA"nın Salehin vətənə qayıtmağa hazırlaşdığı barədə məlumat verməsindən sonra qərar verilib. Aksiyada on minlərlə müxalifət tərəfdari iştirak edib. Müxalifət nümayəndələri 30 ildən çoxdur hakimiyyətdə olan Əli Abdulla Salehlə danışıqlar masasına əyləşməyəcəklərini bir daha bəyan ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: