Misir hökumətində 15 nazir dəyişəcək
18 İyul 2011 Bazar Ertəsi 14:01
Baş nazir İsaa Şərəf artıq siyahını Ali hərbi şuraya təqdim edib.
Misirdə bu gün hökumətin bir hissəsində dəyişiklik ediləcək. Nazirlər kabinetində dəyişikliklərin olacağını baş nazir İsaa Şərəf hələ ötən həftədən bəyan edib. Buna Qahirə, İsgəndəriyyə, Süveyş şəhərlərində yüz minlərlə Misir vətəndaşının yenidən nümayişlərə başlaması əsas verib. Aksiya iştirakçıları Hüsnü Mübarəkin istefasından sonra vəd edilmiş islahatların həyata keçirilməsini və hakimiyyətin hərbi hökumətdən mülki şəxslərə təhvil verilməsini tələb ediblər.
Ehtimal olunur ki, bu gün Misir hökumətində 15 nazir dəyişəcək. İsaa Şərəf ölkəni idarə edən hərbi qüvvələrin ali şurasına yeni kabinetin tərkibini artıq təqdim edib. Siyahı yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, dünən istefa vermiş xarici işlər naziri Məhəmməd əl-Urabinin yerinə artıq Misirin Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Məhəmməd Kamal Əmr təyin olunub. Məhəmməd Kamal Əmr fevral ayında baş vermiş Misir inqilabından bəri bu vəzifəyə təyin olunmuş üçüncü şəxsdir. anspress
DOSTLARINLA PAYLAŞ: