Misir hökuməti xalqa səsləndi
18 Avqust 2013 Bazar 13:24
Mustafa Həqazi: "Misir xalqı indi həmişəkindən daha çox və daha möhkəm şəkildə birləşməlidir"
Misirdə hökumətə qarşı keçirilən etirazlar çox saylı zorakılıq faktları ilə müşayət olunmaqda davam edir. Sinay yarımadasında bir qrup fəal yanğınsöndürmə briqadasının dayanacağına hücum edib. Nəticədə bir neçə yanğınsöndürən maşın yandırılıb. Polis insan itkisi olmadığını bildirib. Ümumiyyətlə isə son 3 gündə ölkədə baş verən zorakılıqlar nəticəsində 700-dən çox insanın öldürüldüü deyilir.
Uzun müddətdir davam edən zorakılıqlar və bu hadisələrə beynəlxalq aləmin münasibəti yeni hökuməti xalqa çağırış etməsinə sövq edib. Ölkədə davam edən zorakılıqlara münasibət bildirən prezident Ədli Mənsurun müşaviri Mustafa Həqazi çıxışı zamanı xalqı çətinliklərə sinə gərməyə və demokratik Misirin yaradılmasında dövlətə dəstək olmağa çağırıb.
Prezident müşaviri, Mustafa Həqazi: “Misir zəif ölkə deyil. Biz heç kimin peyki də deyilik. Misir hökuməti baş verən hadisələri sərbəst şəkildə müşahidə və təhlil edir, lazım olanda isə, konkret addımlar atır. Hökumət ekstrimizmə, terrorizmə qarşı mübarizə aparacaq. Ya təhlükəsizlik qüvvələri vasitəsilə, ya da insan haqları çərçivəsində zorakı qüvvələrə qarşı tədbirlər görüləcək. Misir xalqı indi həmişəkindən daha çox və daha möhkəm şəkildə birləşməlidir. Biz vahid düşmənə qarşı birləşməliyik”.
O çıxışında həm də Misir hökumətinin ölkədə tezliklə demokratik keçidi təmin edəcəyini bəyan edib. Ölkənin baş naziri Həzim Əl-Bəbləvi isə çıxışı zamanı xalqı ümummilli barışığa çağırıb.
“Bizim məqsədimiz təhlükəsizlik dövləti yaratmaq deyil. Biz fundamental missiya olaraq həmrəyliklə qəbul olunmuş konstitusiyası olan demokratik dövlət yaratmaq istəyirik. Biz barışıq istəyirik. Lakin əli qanlı olanlarla heç bir barışıq olmayacaq. Öz dövlətinə və millətinə qarşı silah qaldıranlar buna görə mütləq cavab verəcəklər”, - deyə Həzim Əl-Bəbləvi bildirib.
Baş nazir çıxışında həm də dövlətin seçkilərdə daxili və xarici dövlət təşkilatlarının müşahidəçiliyi ilə möhkəmlənməli və konstitusiyanı yazılmasında hər kəsin iştirak etməsinin vacib olduğunu vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: