“Misir dinc nüvə proqramını davam etdirəcək”
01 Noyabr 2009 Bazar 01:15
Bunu Misir prezidenti Hüsnü Mübarək bəyan edib
Misir gələcəkdə bir neçə atom elektrik stansiyası (AES) inşasını nəzərdə tutan dinc nüvə proqramının həyata keçirilməsini davam etdirəcək. Bunu Misir prezidenti Hüsnü Mübarək bəyan edib. O, Qahirədə hakim Milli Demokrat Partiyasının qurultayındakı çıxışında deyib ki, Misir daim Beynəlxalq Atom Enerjisi Agentliyi və dost dövlətlərlə təmaslar saxlayır. Hüsnü Mubarək Misirin enerji ehtiyatlarının daşınması, saxlanması və ticarəti üçün beynəlxalq mərkəzə çevrilməsinin vacibliyini də vurğulayıb.
Qeyd edək ki, yerli müşahidəçilər iqtisadi böhran üzündən Misirin atom proqramının reallaşdırılmasını dayandıracağından ehtiyat edirdilər. 2007-ci ilin sonlarında Hüsnü Mübarək AES inşası ilə bağlı proqramın icrasına başlandığını elan etmişdi. Prezidentin sözlərinə görə, dinc atom ölkəyə enerji tələbatını ödəmək, eləcə də enerji mənbələrini diversifikasiya etmək imkanı verəcək. Misirdə ilk AES-in 7-8 ildən sonra istifadəyə veriləcəyi və 1,5-2 milyard dollara başa gələcəyi gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: