Milyonlarla amerikalı Pasxa bayramını qeyd etdi
02 Aprel 2013 Çərşənbə Axşamı 17:12
ANS-in Vaşinqton bürosundan Sevinc Osmanqızı pasxanın qeyd olunmasını Virciniya ştatındakı Arlington Katolik Kilsəsində müşahidə edib.

Pasxa bazarı təxminən bir neçə gündən bəri davam edən pasxa bayramının kulminasiya nöqtəsidir. Səhər saatlarından Arlington sakinləri yerli katolik kilsəsinə axışmaqdadırlar. Burda İsa Məsihin dirçəlməsinə dair ayin və dualar oxunur, dini mahnılar ifa olunur. İnanca görə, İsa peyğəmbər cümə günü çarmıxa çəkilsə də, 3 gün sonra möcüzə baş verib və o, bazar günü yenidən həyata qayıdıb. Keşiş bu tarixin həm də sevdiyimiz dəyərlər və insanları bayram etmək üçün fürsət olduğun deyir. Kilsə mərasimi evlərdə bütün ailə üzvlərinin bir yerə toplaşdığı pasxa naharı ilə davam edir.

Pasxa mərasimində vətənində təqibdən qaçaraq, Amerikaya pənah gətirən Nigeriyalı fəalı da var. Həyat yoldaşı və 4 uşağına qovuşan hüquq fəalı zəngin neft ehtiyatlarının ölkəsi üçün lənət deyil, sərvətə çevrilməsi, insanların qorxusuz, dinc yaşamasına dua etdiyini deyir. Balacalar üçünsə pasxanın ən maraqlı hissəsi, yumurta ovu kilsə mərasimindən sonra başlayır. Rənglənmiş yumurtalar əvvəlcədən gizlədilir ki, balacalar onları taparaq, zənbilə toplasınlar.

Əgər əvvəllər insanlar kilsəyə bizim Novruz şənıliklərimizdə olduğu kimi, evdə rənglənmiş yumurta gətirərdilərsə, bu gün içərisində şirniyyat olan plastik yumurtalar da işə yarayır. Əsas olan ənənənin daşıdığı rəmzi mənadır. İnanca görə, çarmıxa çəkilən İsa Məsih xaçdan azad olandan sonra yenidən dünyaya qayıtdığı kimi, insanları da o biri dünyada yumurtanın özü qədər, gizli, lakin bərəkətli, əbədi həyat gözləyir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar