At ətinin ləzzətli olub-olmaması, əlbəttə, onun dadına baxanların damaq zövqündən asılıdır. Lakin problem ondadır ki, sadə britaniyalılar məlum qalmaqal yaranana qədər at əti yediklərinin fərqində olmayıblar. Qalmaqal isə məhz Londonun mərkəzindəki supermarketdə ortaya çıxıb. Avropanın baş ağrısına çevrilən at əti qalmaqalını araşdıran ANS TV-nin London bürosunun müxbiri Fuad Mustafayev həmin mağazaya baş çəkib.
Bütün dünyada mağazalar şəbəkəsi olan “TESKO” şirkətinin bu mağazasında mal ətindən olan məhsullara at əti qarışdırılaraq satıldığı aşkarlanıb. İndi “TESKO” şirkətinin təmsilçiləri media ilə istənilən ünsiyyətdən qaçır və problemin nə qədər şişəcəyini oturub gözləyirlər. Söhbət qida təhlükəsizliyindən getdiyindən, problem bir anda Ümumavropa qalmaqalına çevrilib. Özü də qalmaqalda təkcə ingilis yox, İtaliya, Fransa, İsveçrənin ən məşhur qida şirkətlərinin adı hallanır. Hətta İsveçin məşhur mənzil mebeli hazırlayan “İKEA” şirkəti də ət biznesinə qatıldığı üçün indi peşman olub. Qalmaqalda “İKEA” ilə yanaşı, yeyinti məhsulları ilə tanınan “Nest”in və avropalıların sevimli hazır yeməyi burqerkinqin də adı çəkilir.
Burgerlər Britaniyada çox satılan, bişirilən və yeyilən ət məhsuludur. Deməli, belə çıxır ki, hər bir britaniyalının süfrəsində at əti olub.
Qalmaqalın başqa bir tərəfi də odur ki, Britaniyada ətin qiyməti bahadır və ona görə də az satılır. Ət istehsalçıları isə qiyməti aşağı salmaq üçün ətlərə bəzən güclü maşınlarda çəkilmiş heyvan sümüklərindən ibarət ət əlavələri qatırlar.
Ekspert Nil Stüart bildirib ki, at əti Avropada mal ətindən 4 dəfə ucuz başa gəlir: “Həmin o “ət əlavəsi” də elə at ətindən və sümüklərindən ibarətdir ki, buna da “at əlavəsi” demək daha düzgün olardı. Artıq qalmaqal ət satanlara milyardlarla dollar ziyan vurub. Gələcək proqnozları isə daha da bədbindir. Çünki yeni araşdırmalar nəticəsində bəlli olub ki, burgerlərə donuz piyi də vurulurmuş”.
At əti ilə yanaşı, donuz piyi qalmaqalı da yarana bilər. Bu isə o deməkdir ki, Avropanın təkcə Britaniyada sayı 2,5 milyona çatan müsəlman əhalisi, necə deyərlər, özləri də bilmədən günaha batıblar. Lakin bütün bu təhlükəli iddialara baxmayaraq, ingilislər öz yumor hisslərini də itirmirlər. Belə ki, iki ingilis gənci qalmaqalda adı hallanan mağazalara daxil olan gənclərə əsl tamaşa göstəriblər. Onların bu zarafatı indi internetdən çox izlənilən videolar arasındadır.