Milisdən qisas alanlar yaxalandı
12 İyun 2010 Şənbə 21:40
Son iki həftə ərzində milis əməkdaşlarına qarşı hücumlar həyata keçirən dəstə ələ keçirilib.
Son ayların, hətta son günlərin statistikası onu göstərir ki, Şimali Qafqaz regionunda demək olar ki, insidentsiz, basqınsız və partlayışsız gün olmur. Çeçenistandan tutmuş Kabardin Balkar Respublikasına qədər olan daimi gərginlik bölgəsinə indi də Rusiyanın uzaq şərq regionundakı Primorsk diyarı da əlavə olunub. Son bir sutka ərzində Şimali Qafqazda baş verən insidentlər həm də ölkə ərazisində qeyd olunan Rusiya günü bayramı ilə üst-üstə düşüb.
Çençenistanın Vedensk rayonunda dağlarda keçirilən xüsusi əməliyyat zamanı isə üç döyüşçü öldürülüb. Bununla da , Çeçenistanın cənubunda son bir neçə gündə keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilən döyüşçülərin sayı 11-ə çatıb. Bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov məlumat verib. Ramzan Kadırov bildirib ki, gecə saatlarında milis və Federal Təhlükəsizlik Xidməti əməkdaşları dağlıq ərazidə döyüşçü qrupu aşkar edib. Onların yeri barədə isə əvvəlcədən məlumat olsa da, bu, gizli saxlanılırmış. Ramzan Kadırovun sözlərinə görə, hüquq mühafizə orqanı əməkdaşları mühasirəyə aldıqları döyüşçüləri təslim olmağa çağırsalar da, onlar cavab olaraq atəş açıblar. Döyüşçülərin gizləndiyi ərazidən üç meyit, silah-sursat, tibbi ləvazimatlar və partlayıcı qurğular aşkar edilib. Hazırda döyüşçülərin şəxsiyyəti müəyyən edilir. Çeçenistan prezidentinin verdiyi məlumata görə Vedensk rayonunun dağlıq ərazilərində xüsusi əməliyyatların aktiv fazası davam etdirilir. Operativ məlumatlara əsasən həmin ərazilərdə gizləndiyi ehtimal edilən Muxanad və Qakayev adlı daha iki döyüşçü liderinin axtarışları aparılır. Ramzan Kadırov yerli sakinlərin xüsusi əməliyyatın keçirilməsində hüquq mühafizə orqanı əməkdaşlarına fəal dəstək göstərdiklərini də deyib.
Rusiyanın Primorsk diyarında isə son iki həftə ərzində milis əməkdaşlarına qarşı hücumlar həyata keçirən silahlı dəstənin ələ keçirilməsi üzrə əməliyyat başa çatıb. Hüquq mühafizə orqanı əməkdaşlarının verdiyi məlumata görə dəstənin üzvləri 18-21 yaş arasında olan gənclərdir. Həmin dəstədən həbs olunanların sayı 4-ə çatır. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin Primorsk diyarı üzrə istintaq idarəsi silahlı dəstə üzvlərinin odlu silah ələ keçirərək cinayətlər törətdiyini bildirib. İrəli sürülən versiyalardan birinə görə, törədilən hadisələr həmin cinayətkarların milis əməkdaşlarından qisas almasının mümkünlüyü ilə bağlıdır. Belə ki, həbs olunanlardan biri-Vladimir Savçenkonun atası oğlunun bu yaxınlarda milis əməkdaşları tərəfindən saxlanıldığını, oğurluqda ittiham edildiyini, buraxıldıqdan sonra isə meşədə gizləndiyini deyib. Dəstənin digər üzvlərinin də milis əməkdşlarından zərər çəkdikləri bildirilir. Digər versiya isə onların meşə biznesi ilə məşğul olması və milis əməkdaşlarının qanunsuz əməliyyatın izinə düşməsindən sonra onların qisas almaq qərarı ilə bağlıdır. Cinayətkarlar günlərlə davam edən axtarışlardan sonra tapılıb. Onların milis əməkdaşları və Primorsk diyarının sakinlərinə qarşı həyata keçirdiyi hücumlar zamanı iki nəfərin öldüyü, dördünün isə yaralandığı bildirilir.
Rusiyanın Dağıstan Respublikasının Kaspiysk vilayətində baş vermiş partlayışda isə 2 nəfər həlak olub.Məlumata görə hadisə milisin yetkinlik yaşına çatmyanlarla işlər üzrə bölməsində baş verib. Belə ki, namləum şəxslər bölmənin qapısını yandırdıqdan sonra hadisə yerinə gələn yanğınsöndürənlər partlayışla qarşılaşıblar. Daha bir partlayış isə Dağıstanın Maqas yaşayış mənətəqəsində baş verib. Pivə barına naməlum şəxslər tərəfindən atılmış partlayıcının işə düşməsi nəticəsində 4 nəfər xəsarət alıb. Cinayətkarlar hadisə yerindən uzaqlaşa biliblər. hazırda hadisə baş verən ərazidə əməliyyat axtarış işi aparılır.
Kabardin-Balkarın paytaxtı Nalçikdə isə naməlum şəxslər yol patrul xidməti əməkdaşına atəş açıb. Nəticədə milis əməkdaşı yerindəcə həlak olub. Rusiya Prokurorluğunun Kabardin-Balkar Respublikasındakı nümayəndəsinin məlumatına görə, faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd və qeyri-qanuni silahdan istifadə maddələri cinayət işi açılıb. Şəhərdə hücumu törədənlərin axtarışları davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: