Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ Dövlət Departamentinin nümayəndəsi, ATƏ.T-in Minsk qrupunun həmsədri Metyu Brayzanı “Qızıl dəri” ordeni ilə təltif edib. ANS PRESS-in “Online Georgia”ya istinadən verdiyi xəbərə görə, Saakaşvili təltifetmə mərasimində bəyan edib ki, Brayza Birləşmiş Ştatlar və Gürcüstan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün çox iş görüb.
Prezident həmçinin 2004-cü ildə Acarıstan problemi həll olunan zaman göstərdiyi köməkliyə görə amerikalı diplomata minnətdarlığını bildirib.
“Bu gün ABŞ və Gürcüstan bərabərhüquqlu tərəfdaşlardır. Halbuki bəziləri belə böyük bir dövlətlə Gürcüstanın necə tərəfdaş olacağına gülürdülər. Lakin bu belədir və bizim dostluğumuz demokratik dəyərlərə əsaslanır”, - deyə Gürcüstan prezidenti vurğulayıb.
O, iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsində Brayzanın fəal rol oynadığını da qeyd edib.
Brayza isə öz növbəsində mükafata görə Saakaşviliyə minnətdarlığını bildirib. /ANS PRESS/