Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi müavininin köməkçisi Metyu Brayza Gürcüstana rəsmi səfərə gedib. Verilən məlumata görə, Amerika rəsmisi bu ölkənin prezidenti Mixail Saakaşvili və bütün Gürcüstanın patriarxı İkinci İlya ilə görüşəcək.
Səfərin əsas məqsədi Amerika-Gürcüstan əlaqələrinin inkişaf perspektivlərini müzakirə etməkdir. Gürcüstan parlamentində keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verən Metyu Brayza bu ölkənin xarici işlər naziri Qriqol Vaşadzenin «Birləşmiş Ştatlar hərbi baza yerləşdirmək məqsədi ilə Gürcüstana müraciət edərsə, biz bu təklifi nəzərdən keçirərik» sözlərinə münasibət bildirib. O deyib ki, «Amerika Gürcüstanda hərbi baza yerləşdirmək məqsədilə rəsmi Tiflisə müraciət ünvanlamağı planlaşdırmır. Bu işə Gürcüstan müsbət cavab versə də, bizim belə istəyimiz olmayacaq».
Metyu Brayza onu da əlavə edib ki, rəsmi Vaşinqton iki ölkə arasında strateji tərəfdaşlıq barədə xartiyada nəzərdə tutulduğu kimi, təhlükəsizlik sahəsində əməkdaşlığın və strateji tərəfdaşlığın dərinləşməsini istəyir. Qeyd edək ki, Metyu Brayza bu gün səfərinin nəticələrinə dair mətbuat konfransı keçirəcək. /ANS TV/