Mətbuat katibi: “Qəddafi Liviyadadır”
06 Sentyabr 2011 Çərşənbə Axşamı 03:41
“O, təfriqəçilərin çata bilməyəcəyi yerdədir”
Müammər Qəddafi hələ də Liviyada sağ-salamat və yüksək əhval-ruhiyyədədir. Bunu Suriya telekanalına müsahibəsində devrilmiş Liviya liderinin nümayəndəsi Musa İbrahim bildirib. Mətbuat katibi polkovnikin dəqiq yerini söyləməsə də, deyib ki, ora təfriqəçilərin çata bilməyəcəyi yerdir.
Musa İbrahimin sözlərinə görə, Müammər Qəddafinin oğlu Seyf əl-İslam da Liviyadadır və tez-tez yerini dəyişir.
Bu arada isə Milli Keçid Şurasının qoşunları Ben-Valid şəhərindəki mövqelərini qoruyan Qəddafi tərəfdarlarına verilmiş ultimatumun müddətini bir neçə gün uzadıb. Yüzlərlə silahlı istənilən an artilleriyanın köməkliyi ilə şəhəri ələ keçirməyə hazır vəziyyətdədirlər. Ben-Valid keçmiş Liviya liderinin son qalalarından biridir.
DOSTLARINLA PAYLAŞ: