Məsud Bərzani Türkiyədədir
03 İyun 2010 Cümə Axşamı 00:50
Şimali İraq lideri Məsud Bərzani Türkiyənin dövlət rəsmiləri ilə görüşəcək.
Şimali İraq idarəçiliyinin lideri Məsud Bərzani Türkiyəyə səfər edib. O, Ankaradakı Esenboğa hava limanında heç bir açıqlama verməyib. Məsut Bərzanini yerli idarəçiliyin təhsil naziri Sefin Dizayi, eləcə də sənaye və ticarət naziri Sinan Çələbi müşayiət edir.
Məsud Bərzani Türkiyəyə səfərindən əvvəlki açıqlamasında bildirmişdi ki, Şimali İraq idarəçiliyi Türkiyə ilə münasibətləri daha da yaxşılaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, Türkiyədəki danışıqlarda siyasi və iqtisadi məsələlərə toxunulacaq.
Şimali İraq liderinin Türkiyədəki təmaslarına bu gün xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşlə başlaması və birgə mətbuat konfransının keçirilməsi gözlənilir. Onu Türkiyə prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğan da qəbul edəcək.
Cümə günü ərəb ölkələrinin Ankaradakı səfirləri ilə görüşəcək Məsud Bərzani daha sonra İstanbula gedəcək. Səfərin iyunun 7-nədək davam edəcəyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: