Məscidsiz şəhərin sakinləri namazı şadlıq evində qılacaq
22 Fevral 2013 Cümə 06:06
Turistik zona olan Kuşadasının sakinləri ibadət etməyə yer tapmır.
Türkiyə Aydın vilayəti Kuşadası rayonunun sakinləri cümə namazlarını şadlıq evində qılacaq. Buna səbəb rayonda olan “Kaleci” və “Hacı İbrahim” məscidlərində aparılan təmir işləridir. Rayona tikilməsi planlaşdırılan 3-cü məscid üçün lazım olan ərazini isə bələdiyyə məclisi təsis etməyib.
“Hacı İbrahim” məscidində bir müddət əvvəl yanğın baş verdiyini deyən rayon müftisi İbrahim Türedioğlu “Kaleci” məscidindəki təmirin də may ayında başa çatacağını bildirib. “Qış olduğu üçün xüsusilə cümə namazlarında böyük sıxıntı çəkirik. Bələdiyyə ilə apardığımız danışıqların nəticəsində cümə namazlarını şadlıq evində qılmağa qərar verdik. Bunun üçün din xadimi də təyin etdik” – deyə müfti bildirib.
Qeyd edək ki, Türkiyə müsəlman ölkələri arasında ən çox məscid olan ölkələrdən biridir. Statistikaya görə ölkədə 82 000-ə yaxın came var.
DOSTLARINLA PAYLAŞ: