Merkelin sevinci yerə-göyə sığmır
03 İyul 2010 Şənbə 21:10
Merkelin sevinci yerə-göyə sığmır. Almaniya-Argentina matçında qol “yağışı”.
Bu gün futbol üzrə Dünya çempionatının yarımfinalçılarından daha birinin adı məlum olub. Ən güclülərin mübarizəsində Argentina və Almaniya millisi qarşılaşıb.

Argentina- Almaniya matçı ilk dəqiqələrdən avropalı futbolçuların hücumları ilə başlayıb. Bunun məntiqi nəticəsi olaraq matçın 3-cü dəqiqəsində almanlar hesabı açıb. Şvaynştagerin cərimə zərbəsindən vurduğu topu Tomas Müller başla rəqib torundan keçirərək komandasını hesabda irəli çıxarıb. Cənubi amerikalı futbolçular 22-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdilər. Messi Teves tandeminin düzüb-qoşduğu hücumun qolla nəticələnməsinə Manuel Noyer imkan verməyib. Sonuncular bir daha 35-ci dəqiqədə hesabı dəyişə bilərdilər. Bu dəfə Noyer İquaninin sağ cinahdan topu qapının yaxın küncündən keçirmək cəhdinin qarşısını alıb.

Hesabı qarşılaşmanın 68-ci dəqiqəsində almanlar yenidən dəyişiblər. Bu dəfə çoxgedişli kombinasiyanı Miroslav Kloze qolla tamamlayıb (2-0). Növbəti qol matçın 74-cü dəqiqəsində Arne Fridrixdən gəlib. Sonuncu Batian Şvaynştagerin sol cinah gedişindən sonra fərqlənib (3-0).

Argentinalıların darmadağınını isə matçın 89-cu dəqiqəsində Kloze rəsmiləşdirib. Miroslav sol cinah ötürməsindən sonra özünün 2-ci, komandasının isə 4-cü qolunu vurub (4-0)

Qeyd edək ki, sevinci yerə-göyə sığmayan Almaniya kansleri Angela Merkel matçı birbaşa stadiondan izləyib.

Sonuncu yarımfinalçı isə son Avropa çempionu İspaniya millisi ilə Paraqvay yığması arasında keçiriləcək görüşdən sonra məlum olacaq. Start fiti saat 23:30-da səsləndiriləcək matçı qazanacaq komanda tarixində ilk dəfə olaraq adını yarımfinala yazdıracaq. Bu qarşılaşma 23:30-da başlayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar