"Merkava-4" tankları Gürcüstanda peyda olmayacaq
11 Noyabr 2010 Cümə Axşamı 23:05
İsrail tərəfi rəsmi Tiflislə hər hansı anlaşmanın olmadığını bəyan edir.
İsrailin Xarici İşlər Nazirliyi Gürcüstana müasir “Merkava-4” tanklarının satılması haqda mətbuatda yayılan məlumatları təkzib edib.
Gürcüstan kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, İsrail xarici siyasət idarəsinin nümayəndəsi, Avrasiya və Mərkəzi Avropa Departamentinin rəhbəri Pinhas Avivi yayılan bu şayiələri ağılsızlıq adlandırıb. “Bütün məsuliyyəti ilə bəyan edirəm ki, biz Gürcüstana hər hansı bir tank satmırıq və satmayacağıq. Belə bir anlaşmanın baş tutması üçün heç bir imkan və ya şans mövcud deyil. Müvafiq məsələ hətta müzakirə belə olunmur”,- deyə o bəyan edib.

Qeyd edək ki, bir neçə gün İsrailin yerli kütləvi informasiya vasitələri Gürcüstana bir neçə “Merkava-4” müasir tipli tankların satıla biləcəyi haqda məlumatlar yaymışdı. Lakin Gürcüstanın tanklar tədarük edilən ölkələr siyahısına daxil edilib-edilməməsi haqda informasiya öz təsdiqini tapmayıb.

Gürcüstanın Müdafiə Nazirliyi də yayılan şayiələr haqda hər hansı şərh verməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar