Meksika Konqresində Novruz bayramı qeyd edilib
23 Mart 2011 Çərşənbə 12:06
Tədbir Azərbaycanın Mexikodakı səirliyi tərəfindən təşkil olunub
Novruz bayramının qeyd edilməsi ilə əlaqədar Mexiko şəhərində iki tədbir keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, Meksika Konqresinin Deputatlar Palatasında beynəlxalq Novruz bayramına həsr olunmuş tədbir təşkil olunub.

Məlumata görə, tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, İran, İraq və Türkiyə səfirliklərinin rəhbər işçiləri, həmçinin Meksika Konqresinin deputatları, Mexiko şəhəri rəhbərliyi və Meksika ştatının İnsan Hüquqları Komissiyasının nümayəndələri iştirak ediblər.

Çıxış etmək üçün ilk söz səfir İlqar Muxtarova verilib. Səfir qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyası tərəfindən 2010-cu ilin fevral ayında “Beynəlxalq Novruz günü” qətnaməsi qəbul olunub.

Azərbaycan səfiri tədbir iştirakçıları və Novruz bayramını qeyd edən dünya xalqlarını təbrik edərək, Novruz bayramının beş min ildən artıq tarixi kökləri, qeyd edilmə adətləri, həmçinin özünəməxsusluğu və müxtəlifliyi ilə Novruz bayramını zənginləşdirən milli mətbəximiz hadqa dinləyicilərə geniş məlumat verib.

Həmçinin, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü haqda görüş iştirakçılarına məlumat verən səfir İ.Muxtarov vurğulayıb ki, bütün dünya xalqları milli bayramlarını öz doğma torpaqlarında keçirmək hüququna malikdir. Bu baxımdan, səfir bildirib ki, öz tarixi torpaqlarından qaçqın və məcburi köçkün düşmüş bir milyondan artıq azərbaycanlıların hüquqları indiyədək bərpa edilməyib. O, Novruz bayramının sülh carşısı olduğunu və məcburi köçkünlərimizin yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqlarına inamını ifadə edib.
Tədbirdə, həmçinin İrak, İran və Türkiyə səfirliklərinin nümayəndələri çıxış etmiş və Novruz bayramının öz ölkələrində keçirilmə tarixindən və xüsusiyyətlərindən bəhs etmişlər.

Konqresin deputatı Ramon Ximenez Lopez Azərbaycanın təşəbbüsü ilə BMT tərəfindən 2010-cu ildə beynəlxalq bayram kimi qəbul edilmiş Novruz bayramı münasibəti ilə diplomatik nümayəndəliklərin rəhbərlərini və onların təmsil etdikləri ölkələrin xalqlarını təbrik etdiyini söyləyib. O, çıxış edərkən beş min ildən artıq tarixi olan Azərbaycan mədəniyyətinin Meksikanın maya və astek mədəniyyəti ilə bir çox ümumi mədəni dəyərləri bölüşdüklərini bildirib.

Meksika ştatının İnsan Hüquqları Komitəsinin sədri Rosa Maria Pardinyas və Dini Dözümlük və Vicdan Azadlığı Daimi Komissiyasının Baş koordinatoru Temis Kortes Novruz bayramını qeyd edən xalqları təbrik ediblər. Hər iki çıxış edənlər Azərbaycan torpaqlarının işğal edilməsi faktından təəssüfləndiklərini bildirib və qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa edilməsi məsələsinin vacibliyini qeyd edərək, Azərbaycan xalqına sülh və əminamanlıq arzu edib və məcburi köçkünlərin yaxın gələcəkdə Novruz bayramını öz evlərində qeyd edəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Toplantıda, həmçinin yerli mətbuat nümayəndələri və Konqresin televiziya kanalı əməkdaşları iştirak ediblər.

Tədbirdən sonra, görüş iştirakçıları Meksika Parlamentinin İctimai Park ərazisində Novruz bayramı münasibəti ilə simvolik ağac əkilməsi mərasiminə qatılıblar.

Park ərazisində Azərbaycan, İran və İraq səfirliklərinin təqdim etdiyi ağaclar əkilib. Azərbaycan adından əkilmiş “Palıd” ağacının şitili xüsusi olaraq Azərbaycandan gətirilib. Ağacların qarşısında Azərbaycanın Meksikadakı səfirliyinin hədiyyəsi olan bitki və onun yetişdiyi bölgənin adı göstərilib.

Həmçinin, qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının səfirliyində Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə, Meksikada akkreditə edilmiş diplomatik nümayəndəliklərin üzvləri, o cümlədən Türkiyənin və Ukraynanın Meksikadakı səfirləri, Gürcüstanın Meksikadakı müvəqqəti işlər vəkili, Meksikada yaşayan Azərbaycan, Ukrayna, Rusiya, Gürcüstan, tatar, yəhudi icmalarının nümayəndələri və Meksikanın müxtəlif təşkilatlarını təmsil edən səfirliyin digər dostları da iştirak ediblər.

Səfir İ.Muxtarov tədbirdə çıxış edərək, Azərbaycan hökuməti adından səfirliyin qonaqlarını, Meksikada yaşayan həmvətənlərimizi və Novruz bayramını qeyd edən xalqları təbrik edib.

Bayram tədbirində qonaqlara, Novruz bayramının rəmzlərindən hesab edilən Azərbaycanın milli mətbəxinə məxsus təamlar və şirniyyatlar təqdim edilmiş, bayram tonqalı yandırılıb, Azərbaycanın xalq və bəstəkar mahnıları səsləndirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar