Məhkəmə siqaret istehsalçısını rekord məbləğdə cərimə etdi
20 Noyabr 2009 Cümə 07:30
“Philip Morris USA” şirkəti siqaret çəkməkdən yatağa düşmüş qadına 300 milyon dollar ödəməlidir
Floridada andlı hakimlər Amerikanın iri tütün şirkəti “Philip Morris”-i əvvəllər siqaret çəkən, hazırda isə ağciyər emfizemasına tutulan qadına 300 milyon dollar məbləğində rekord kompensasiya ödəməli olduğu barədə qərar çıxarıb. Məhkəmənin qərarına görə, siqaret istehsalçısı 61 yaşlı Sindi Noqla 56 milyon dollar müalicə ilə bağlı xərclərin kompensasiyası, eləcə də 244 milyon dollar zərərlərin cəriməsini ödəməlidir.
Sindi Noql Floridadakı Fort-Loderdeyl şəhərinin keçmiş merinin bacısıdır. O, 1968-ci ildə 20 yaşında siqaret çəkməyə başlayıb və güman edib ki, siqaret onu həmyaşıdlarının gözündə böyük göstərəcək. Qadın zərərli vərdişdən 25 il əl çəkə bilməyib və nikotin yapışqanları vasitəsilə siqareti yalnız 1993-cü ildə ata bilib. Bu müddət ərzində onda ağciyər emfizeması-nəfəs yollarının xəstəliyi yaranıb. İndi Sindi Noql əlil arabası ilə hərəkət edir və süni nəfəs aparatına qoşulu vəziyyətdə yaşayır.
Vəkil Roberta Kellinin sözlərinə görə, qadın məhkəmədə siqaretə başlamaqla səhvə yol verdiyini etiraf edib. Tütün şirkəti isə siqaret çəkən qadının səhhətinin kəskin pisləşməsinə görə məsuliyyəti üzərinə götürməkdən imtina edib: “Andlılar onun hansı vəziyyətdə olduğunu gördülər. Bizə elə gəlir ki, onlar Sindi Noqlu hiss etdilər. Ona şahid tribunasına qalxdıqdan sonra nəfəsini dərmək üçün beş dəqiqə vaxt lazım gəldi”.
“Philip Morris USA” şirkətinin nümayəndələri isə məhkəmənin qərarı ilə razılaşmayılar. Onların fikrincə, məhkəmənin gedişində çozsaylı nöqsanlara yol verilib. Şirkətin mətbuat katibi Mürrey Qarnik bəyan edib ki, siqaret istehsalçısı məhkəmə qərarına yenidən baxılmasına nail olacaq.
Xatırladaq ki, Los-Anceles andlılar məhkəməsi də bu ilin avqustunda “Philip Morris” şirkətini ağciyər xərçəncindən ölən qadının qızına 13,8 milyon dollar təzminat ödəməli olması barədə qərar çıxartmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar