Məhəmməd Mursinin tərəfdarları dinc yürüş keçiriblər.
Məhəmməd Mursinin tərəfdarları dinc yürüş keçiriblər. Misirdə bir neçə günlük nisbi sakitlikdən sonra yenidən aksiyalar keçirilib. Məhəmməd Mursinin tərəfdarları dinc yürüş keçirərək ölkədə zorakılıqlara qarşı çıxıblar. Müxalifətin isə prezident sarayı qarşısında baş tutan aksiyasında qarşıdurma olub.
Misirin paytaxtı Qahirədə prezident Məhəmməd Mursinin 5 minə yaxın tərəfdarı ölkədə baş alan zorakılığa qarşı dinc yürüş keçirib. Son etiraz dalğası zamanı baş vermiş zorakılıqlar 70-ə yaxın insanın həyatına son qoyub. Mursi tərəfdarları kütləvi nümayiş keçirməklə, liberal və dünyəvi partiyaların təşkil etdiyi etiraz aksiyalarına “son” deyib. Aksiya iştirakçıları Misir vətəndaşlarını birliyə çağırıb. Nümayişə çıxarılmış plakatlarda “Misiri sevirsizsə, ona ziyan vurmayın” şüarı yer alıb. Mursi tərəfdarları eynilə gənclərin aksiyalarda alışqan maddə olaraq Molotov kokteylindən istifadə etməsini qınayıb.
Prezidentin tərəfdarı Məhəmməd Əl Omda: “Milli Qurtuluş Cəbhəsinə demək istədiyim odur ki, Məhəmməd Mursi istefa verən deyil, ölüdürülən insanların sayı artsa belə. Mən Mursiyə səs vermişəm və o, hakimiyyətdən getsə buna çox məyus olaram”
Nümayişdə Misirin ən güclü islamçı partiyaları rəsmi olaraq iştirak etmədiyindən, aksiya kifayət qədər yığcam keçib.
Bu arada, müxalif fəallar prezident saraylarından olan Qəsr-Əl-Kübbə qarşısında dinc etiraz aksiyası təşkil edib. Etirazçılar prezidentin hakimiyyətdən getməsini tələb edib. Havanın qaralması ilə etirazlar zorakı xarakter alıb və minlərlə insan polislə toqquşub. İğtişaş polisi etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz tətbiq edib. Müxalif fəallar buna cavab olaraq asayiş keşikçilərini daşlayaraq, üzərlərinə alışqan maddələr atıb. Misirdə müxalifət iyunda prezident seçilmiş prezident Məhəmməd Mursi və onun müsəlman qardaşlığı partiyasını hakimiyyətdə təkəlçilik yaratmağa cəhddə və dissidentlərə qarşı zor tətbiq etməkdə təqsirləndirir. Qeyd edək ki, Mübarək rejiminin devrilməsinin ildönümü ilə eyni vaxta düşmüş son zorakılıq dalğası Misirdə azı 70 nəfərin həyatına son qoyub.
Müxalifət-yönümlü gənclər təşkilatlarının üzvləri Qahirənin Təhrir meydanı ərazisindəki əsas küçələrindən birindən Ali Məhkəmə binasına kimi yürüş etməyi planlaşdırırlar. Qeyd edək ki, 2 gün əvvəl bu cür tədbirlərin təşkilatçılarının cəzalandırılmasının sərtləşdirilməsinə dair qanun layihəsi Misir parlamentinin yuxarı palatasının müzakirəsinə təqdim edilib.