Mehdi Kərrubinin evinə silahlı hücum edilib
04 Sentyabr 2010 Şənbə 22:30
40-50 silahlı şəxs onun evinə tərəf əldədüzəltmə partlayıcı atıblar.
İranın müxalifət lideri Mehdi Kərrubinin evinə silahlı hücum edilib. Kərrubinin rəsmi internet saytı “Sahamnyus”un məlumatına görə, Kərrubinin yaşadığı binanın ətrafına toplaşan 40-50 silahlı şəxs evə tərəf əldə düzəltmə partlayıcı atıblar. Saytda yerləşdirilən video görüntüdə Mehdi Kərrubinin evinə ziyan vurulduğu göstərilib. Görüntülərdə müxalifət liderinin əleyhinə şüarlar eşidilib. Evin bayır divarında isə “ikiüzlülərə ölüm”, “Amerika keşişi” kimi ifadələr yazılıb.

Müxalifət liderini oğlu Məhəmməd Kərrubinin sözlərinə görə, artıq bir neçə gündür evin ətrafına toplaşan Kərrubi əleyhdarları içəriyə soxulmağa və birinci mərtəbəyə od vurmağa cəhd göstəriblər. Kərrubinin cangüdənləri evin qarşısına yığışan kütləni dağıtmaq üçün havaya atəş açmalı olublar. Kərrubinin cangüdənlərindən birinin silahlılarla toqquşmada aldığı zərbədən koma vəziyyətinə düşdüyü bildirilir. Hücum edənlərin “Bəsic” hərbi birləşməsinin üzvləri olduğu ehtimal olunur. Məhəmməd Kərrubinin sözlərinə görə, “Bəsic” üzvlərinin geyimində olan naməlum silahlılar onun cümə günü keçirilməsi nəzərdə tutulan mitinqdə iştirakına mane olmağa çalışıblar.

Qeyd edək ki, cümə günü Tehranda hökumətin təşkil etdiyi anti-İsrail mitinqlərindən istifadə edərək müxalifətin hakimiyyət əleyhinə aksiyalar keçirəcəyi ehtimal edilirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar