Medvedevdən geriyə addım
23 Oktyabr 2010 Şənbə 13:30
“Kommersant”: "Rusiya və Türkmənistan Xəzəryanı Qaz Boru Kəmərinin tikintisini dondurur".
Rusiyanın “Kommersant” qəzeti Rusiya prezidenti Dmitri Medvedevin oktyabrın 22-də Türkmənistan səfəri çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla iki ölkə arasında Xəzəryanı Qaz Boru Kəmərinin Tikintisi ilə bağlı əldə olunmuş razılığa aydınlıq gətirib. Rusiya baş nazirinin müavini İqor Seçinin qəzetə verdiyi məlumata görə, D. Medvedevlə Q. Berdıməhəmmədov arasında Xəzəryanı Qaz Boru Kəmərinin yikintisi layihəsinin müvəqqəti dayandırılması barədə razılıq əldə olunub.

Onun sözlərinə görə, bunun əsas səbəbi Avropa İttifaqında qaza olan tələbatın artımasını gözləməkdir: “Avropa qaz bazarı yaxın 3-4 il ərzində kiçik templərlə artacaq və belə şəraitdə bizə yaxın illərdə Avropaya qaz nəqlini artırmaq çətinləşir". Eyni zamanda İ. Seçin söhbətin layihənin həmişəlik dondurulmasından getmədiyini və gələcəyin bazardakı vəziyyətindən asılı olduğunu da vurğulayıb.

D. Medvedevin Türkmənistana səfəri zamanı türkmən qazının Rusiyaya nəqli məsələləri də müzakirə olunub. Belə ki, İ. Seçinin sözlərinə görə, Rusiyanın “Qazprom” şirkəti bu ilin sonuna qədər 10-10 milyard kubmetr türkmən qazı alacaq. 2011-ci ildə isə bu rəqəm artırılacaq.

Qəzet yazır ki, türkmən diplomatları bununla bağlı bildiriblər ki, Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinin dondurulması ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədovu narazı salıb. Bu isə Türkmənistanın “Nabukko” qaz kəməri layihəsinə qoşulması istəyini daha da möhkəmləndirir.

“Kommersant” nəşrinin məlumatına görə, İ. Seçin bildirib ki, rəsmi Aşqabadı bu fikirdən daşındırmaq üçün “Qazprom” Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri layihəsinə qoşulmaq üçün Türkmənistanla danışıqlara başlayıb. Rusiyanın qaz nəqli şirkəti bu layihədə həmçinin investor kimi çıxış etməyə hazırdır. Bu da Rusiyanın Türkmənistana Asiya qaz bazarına çıxışında kömək etməsi kimi qiymətləndirilir və Türkmənistanın “Nabukk” layihəsinə qoşulmamasına xidmət edir.

Qeyd edək ki, İ.Seçin bundan əvvəl “Nabukko” qaz kəməri layihəsi barədə danışarkən, onun perspektivlərinin olmadığını bildirmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar