Medvedev öz gücünü kimə göstərir?
28 Sentyabr 2010 Çərşənbə Axşamı 19:30
Rusiyada istefaların davam edəcəyi gözlənilir.
Çində səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev Moskva meri Yuri Lujkovun istefaya göndərilməsi qərarını şərh edib. Dövlət başçısı bildirib ki, prezidentin etimadını itirmək səbəbindən istefaya göndərmək barədə göstərişin formulu çıxarılan qərarın səbəbini hərtərəfli izah edir. Dmitri Medvedev analoji qərarların daha bir neçə region başçısını da gözləyə biləcəyini istisna etməyib.
“Səbəb göstərişin özündən bəllidir. Bu isə ondan ibarətdir ki, Rusiya Federasiyasının prezidenti kimi mənim Yuri Lujkova Moskva meri kimi etimadım itib. Bir neçə il əvvəl qəbul olunan mövcud qanun isə vəzifədən kənarlaşdırmanın səbəblərindən birini birbaşa müəyyən edir- bu da vəzifədə etimadın itirilməsi ilə bağlıdır. Prezidentin bu və ya digər region rəhbərinə və ya məmura etimadı olmadığı halda, qubernator və ya məmurun və prezidentin ali səlahiyyətli şəxs kimi birlikdə işləməyi davam etdirməsini təsəvvür etmək çətindir. Bu ilk dəfə baş verir, ancaq bu cür halların təkrarlana biləcəyini də istisna etmirəm. Bu, konkret vəziyyətlərdən asılıdır”,- deyə Dmitri Medvedev bildirib.
İstefaya göndərilmiş Moskva meri Yuri Lujkov isə ölkəni tərk etməyə hazırlaşmır. Paytaxt administrasiyasından verilən məlumata görə, Yuri Lujkov şəhərin rifahı naminə çalışmağı davam etdirmək niyyətindədir. Bəzi kütləvi informasiya vasitələri Yuri Lujkovun istefadan sonra Avstriyaya gedə biləcəyi ilə bağlı xəbərlər yaymışdı. Yuri Lujkov özü isə istefaya göndərilməsi ilə bağlı hələlik şərh verməyib. Prezident Dmitri Medvedevin paytaxt merinin vəzifəsindən kənarlaşdırılması barədə göstərişindən dərhal sonra məlum olub ki, Yuri Lujkov kabinetində məmurlardan bu günlərdə 74 yaşının tamam olması ilə bağlı təbriklər qəbul edirmiş. Moskva Şəhər Dumasında meriyanı təmsil edən Anatoli Petrov Yuri Lujkovun mübarizə aparmaq niyyətində olmadığını deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: