Medvedev Davosa səfərini təxirə saldı
25 Yanvar 2011 Çərşənbə Axşamı 10:10
Rusiya prezidenti Forumun açılış mərasimində məruzəçi qismində çıxış etməli idi.
Rusiya prezidenti Dmitri Medvedev hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak üçün İsveçrəyə bu gün nəzərdə tutulan səfərini təxirə salıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Natalya Timakova məlumat verib.
Qeyd edək ki, dünən axşam saatlarında Rusiyanın Domodedova aeroportunda partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində 35 nəfər ölüb, 128 nəfər isə xəsarət alıb.
Rusiya prezidenti 25-27 yanvar tarixlərində İsveçrəyə səfər etməyi planlaşdırıbmış. Yanvarın 26-sı baş tutacaq Forumun açılış mərasimində isə Medvedev əsas məruzəçi qismində çıxış etməli idi.
Xatırladaq ki, 1971-ci ildən hər il keçirilən Davos Ümumdünya İqtisadi Forumu iqtisadi mövzularda müzakirələrin aparılması üçün dünyanın ən iri meydanlarından biridir. Ənənəyə görə, Davosa dünyanın ən iri neft, maliyyə, tibb və s. şirkətlərinin rəhbərləri toplaşır. Davos görüşləri çərçivəsində onlarla plenar iclas, seminar və dəyirmi masalar keçirilir. Eyni zamanda dövlət xadimlərinin ikitərəfli və çoxtərəfli görüşləri təşkil olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: