MDB Xarici İşlər Nazirləri Şurasının yubiley iclası keçirilib
03 Sentyabr 2011 Şənbə 01:00
Xələf Xələfov: “Azərbaycanın maraqlarına uyğun olan bir sıra sənədlər imzalandı”
Düşənbədə Müstəqil Dövlətlər Birliyinin yaranmasının 20 illiyi ilə əlaqədar MDB Xarici İşlər Nazirləri Şurasının yubiley iclası keçirilib. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
İclası Tacikistanın xarici işlər naziri Xamraxon Zərifi açaraq bildirib ki, təmsil etdiyi ölkənin Müstəqil Dövlətlər Birliyinə sədrliyi dövründə Birliyin 20 illiyinə həsr olunmuş Tədbirlər Planının həyata keçirilməsinə, MDB-nin gələcək inkişaf Konsepsiyasına və 2020-ci ilə qədərki dövrdə qurumun iqtisadi inkişaf Strategiyasına diqqət yetirilib. “Bu müddətdə mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, MDB-nin regional təşkilat kimi əhəmiyyətinin yüksəldilməsi, humanitar sahədə münasibətlərin inkişafı və digər mühüm məsələlər diqqət mərkəzində olub”, - Tacikistanın XİN rəhbəri deyib.
Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB-nin bir təşkilat kimi nüfuzunun artırılması məsələlərinə toxunmuş, görülən işlər haqqında məlumat verb.
İclasda təşkilatın fəaliyyətinin gücləndirilməsi, iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi və bir sıra digər məsələlərlə əlaqədar sənədlər imzalanıb, xarici işlər nazirlərinin bəyanatı qəbul olunub.
İclas başa çatdıqdan sonra Xələf Xələfov AzərTAc-ın xüsusi müxbirinə deyib ki, Şuranın iclasında iqtisadiyyat, cinayətkarlıqla mübarizə sahəsində hüquq mühafizə orqanlarının əməkdaşlığı, müdafiə, bərə xidməti, humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və digər məsələlər müzakirə olunub və Azərbaycanın maraqlarına uyğun olan bir sıra sənədlər imzalanıb.
DOSTLARINLA PAYLAŞ: