Aşqabadda Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclasında əsasən dövlət və hökumət başçıları şurasının iş qaydaları müzakirə olunub. Toplantıda həmçinin xarici işlər naziriyi səviyyəsində siyasi məsləhətləşmələrin planı da qəbul olunub. Toplantıdan qayıtmış Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ANS-ə müsahibəsində bildirdi ki, ümumilikdə iclasın gündəliyinə müxtəlif sahələri əhatə edən 20 məsələ salınıb ki, onların da əksəriyyəti MDB çərçivəsində əməkdaşlığı nəzərdə tutub. Xələf Xələfovun sözlərinə görə, nazirlər MDB ölkələrinin iqtisadiyyatının uyğunlaşdırılması, enerji məsələlərində birgə yanaşmanın işlənib hazırlanması, qlobal maliyyə böhranının təsiri, regionda təhlükəsizliyin təmin olunması və cinayətkarlıqla mübarizəyə dair məsələlərə də yer ayırıblar. “Müzakirələrin nəticəsi olaraq bu qərarların qəbul olunmasına dair sənədlər imzalandı. Xüsusilə də MDB çərçivəsində əməkdaşlıqda prioritet xarakter daşıyan hümanitar əməkdaşlıq sahələridir. Buna aid olan bir sənəd qəbul olundu. Hümanitar əməkdaşlığın prioritet tədbirləri. Bu sənəd Azərbacan tərfindən də qəbul olundu. Eyni zamanda Böyük vətən müharibəsinin qutarmasının 65 illiyinə həsr olunmuş tədbirlərlə bağlı qərarlar qəbul olunub”.
Bu qərara görə Böyük Vətən Müharibəsinin 65 illiyinin bayram edilməsi ilə bağlı hazırlıq işlərinə başlanmalı və yubley tədbiri ilə əlaqədar xüsusi meddallar təsis olunmalıdır. Separatçı Abxaziya ilə əlaqəar olaraq MDB qərarlarının qiymətləndirilməsi sənədinin ləğvinə isə Azərbaycan tərəfi münasibət bildirməyib. Səbəb isə rəsmi Bakının bu məsələdə əvvəlcədən iştirak etməməsidir. MDB çərçivəsində Azərbacan üçün müqavilə təcrübəsinin təkmilləşdirlməsi xüsusi maraq kəsb edib. Qeyd edək ki, Gürcüstan MDB-dən çıxdığını bəyan etsə də təşkilatın atributları arasında Gürcüstan bayrağı hələ də dalğalanır. Azərbaycanın xarici işlər nazirinin müavini bunu sırf hüquqi prosseslə əlaqələndirdi. “Gürcüstan özünün MDB-dən çıxdığı bapədə müraciət edibdir. Bu müraciət MDB çərçivəsində müzakirə olunub və qərar qəbul olunubdur. MDB-nin hüquqi sənədləri əsasında belə qərar qüvvəyə mindikdən bir il sonra, ona görə də bu qərar formal olaraq o müddət bitənəqədər gürcüstanın bayrağı bu çərçivədə keçirilən tədbirlərdə qoyulacaq”.
Diplomat hesab edir ki, burda müxtəlif səviyyəli fikr mübadiləsi aparmaq və qərarlar qəbul etmək imkanı olduğundan Rəsmi Bakı da öz marağında olan məsələlərin müzakirəsində bu toplantılarda yaxından iştirak edir. Qeyd edək ki, MDB dövlətləri Xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 8-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək. /ANS TV/