MDB hökumətlərarası şurasının iclası keçiriləcək
09 Dekabr 2010 Cümə Axşamı 01:10
2011-ci ilin MDB-də Ərzaq Təhlükəsizliyinin Artırılması İli elan edilməsi gözlənilir
Dekabrın 9 və 10-da Minskdə, MDB İcraiyyə Komitəsində MDB aqrar-sənaye kompleksi məsələləri üzrə Hökumətlərarası Şuranın iclası keçiriləcək. Şuranın üzvləri 2010-cu ildə MDB ölkələrinin aqrar-sənaye kompleksi müəssisələrinin işinin ilkin yekunlarını, MDB üzvü olan dövlətlərin ərzaq təhlükəsizliyinin artırılması, ət-süd məhsulları bazarının yaradılması və fəaliyyəti Konsepsiyasının həyata keçirilməsi sahəsində Şuranın vəzifələrini müzakirə edəcəklər.

Bundan əlavə, MDB-nin qarşıdakı sammitində 2011-ci ilin Müstəqil Dövlətlər Birliyində Ərzaq Təhlükəsizliyinin Artırılması İli elan edilməsi barədə qərar qəbul edilməsi nəzərdə tutulması ilə əlaqədar, iclasda bununla bağlı tədbirlərin həyata keçirilməsi üçün Şuranın fəaliyyət alqoritmi hazırlanacaq, MDB Hökumət Başçıları Şurasının “MDB üzvü olan dövlətlərin ərzaq təhlükəsizliyinin artırılması üzrə birgə tədbirlər kompleksi haqqında” 14 noyabr 2008-ci il tarixli qərarının və MDB ASK məsələləri üzrə Hökumətlərarası Şuranın 4 dekabr 2008-ci il tarixli qərarının yerinə yetirilməsinin gedişi müzakirə ediləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iclasın gündəliyinə meyvə-tərəvəz məhsulları və kartof bazarında əmtəə dövriyyəsinin təşkili, MDB ASK məsələləri üzrə Hökumətlərarası Şura yanında Kənd təsərrüfatı və kəndin inkişafı sahəsində Qeyri-Dövlət İctimai Təşkilatlar Komissiyasının (Komitəsinin) və MDB üzvü olan dövlətlərin Bitki Karantini üzrə Əlaqələndirmə Şurasının yaradılması məsələləri də daxil edilib.

İclasda MDB ölkələrinin aqrar sahə üzrə hökumətlərarası şuralarının Müstəqil Dövlətlər Birliyinin 20 illiyi ilə əlaqədar tədbirlərdə iştirakı məsələsini müzakirə etmək, MDB ASK məsələləri üzrə Hökumətlərarası Şuranın sədrini seçmək, Şuranın növbəti iclasının keçiriləcəyi vaxtı və yeri təyin etmək planlaşdırılır.

MDB üzvü olan dövlətlərin aqrar-sənaye kompleksi məsələləri üzrə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin üzv olduğu Şuranın fəaliyyəti dövründə 22 iclas keçirilmiş, bu iclaslarda MDB üzvü olan dövlətlərin aqrar-sənaye kompleksi sahəsində dövlətlərarası əməkdaşlığının inkişaf etdirilməsi ilə bağlı 250-yə yaxın məsələyə baxılıb.

Şura bu sahədə bir sıra baza müqavilələri, o cümlədən MDB Ümumi Aqrar Bazarı haqqında Saziş hazırlamışdır. Həmin Saziş Azərbaycan Respublikası və Türkmənistan istisna olmaqla Birlik üzvü olan dövlətlərin hökumət başçıları tərəfindən imzalanıb.

Şuranın fəaliyyətinin mühüm istiqamətlərindən biri də elmi-texniki əməkdaşlıq və bununla əlaqədar MDB üzvü olan dövlətlərin ümumi aqrar bazarının fundamental və prioritet tətbiqi elmi problemləri üzrə elmi-texniki əməkdaşlıq proqramlarının işlənib hazırlanması məsələləridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar